Hazırda dünya koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərlə qarşı-qarşıyadır. Hətta bir sıra inkişaf etmiş ölkələr belə, bu çətinliklər qarşısında aciz qalıblar. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkə üçün nümunə ola bilər.
Məsələ ondadır ki, görülən tədbirlər çərçivəsində, ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Bir sıra qurumlar, təşkilatlar intensiv fəaliyyət göstərirlər. Bütün mümkün vasitələrlə yaranan problemləri həll etməyə çalışırlar.
O da məlumdur ki, ölkədə çoxsaylı bələdiyyə fəaliyyət göstərir. Ancaq, nədənsə, bələdiyyələrin koronavirusla mübarizədə fəaliyyəti görünmür. Bu işdə hansısa təşəbbüslə çıxış etmələri, maarifləndirmə və digər məsələlərdə iştirakı gözə dəymir. Sanki bütün bunların bələdiyyələrə heç bir aidiyyəti yoxdur.
Maraqlıdır, koronavirusla mübarizədə bələdiyyələrin rolu niyə görünmür?
“...ümumi işə onlar da töhfə verməlidirlər”
Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynli bunu bir sıra səbəblərlə, əsasən də bələdiyyələrin maddi imkanlarının məhdud olması ilə əlaqələndirdi: “Bunun ən başlıca səbəbi onunla bağlıdır ki, bələdiyyələr yetərli maliyyə imkanlarına malik deyillər. Çünki kifayət qədər ciddi oturuşmuş maliyyə qaynaqlarına sahib deyillər. Koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərdən biri də yolların, şəhərdaxili prospektlərin dezinfeksiya edilməsidir. Bu və ya başqa formada ərzaq yardımının təşkili həyata keçirilir. Əhaliyə maskalar paylanır və s. Bütün bunların içində bələdiyyələrin fəaliyyəti nəzərə çarpmır. Hesab edirəm ki, bununla bağlı bələdiyyələrə bəzi səlahiyyətlər verilməlidir. Bununla belə, bələdiyyələrin özündə də bir təşəbbüskarlıq olmalıdır. Ümumi işə onlar da töhfə verməlidirlər. Əhalini qaydalara riayət etməyə dəvət etməlidirlər. Təəssüflər olsun ki, belə təşəbbüslər yoxdur. Azərbaycanda özü-özünü maliyyələşdirən bu və ya digər sosial proqramları icra etmək gücündə olan bələdiyyələr var. Lakin belə bələdiyyələr çox azdır. Ümumi ölkə üzrə götürəndə bələdiyyələrin çoxunun maliyyə vəsaitinə ehtiyacı var. Ona görə də maliyyə imkanları olmadığına görə bələdiyyələrin bu prosesdə önə çıxması nəzərə çarpmır. Səbəbi əsasən bununla əlaqələndirirəm”.
Vidadi ORDAHALLI