Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən aztəminatl ailələrə dəstək göstərilir. Karantin dönəmində həyata keçirilən tədbirlər dəstək məqsədi daşıyır. Dövlət qurumları, təşkilatlar, fondlar, fərdi şəxslər ehtiyacı olan ailələrə yardım edirlər. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən son müşavirədə o, pandemiya ilə bağlı ölkəmizdə həmrəylik nümayiş olunduğunu bildirmişdi.
Onu da bildirək ki, keçirilən yardım aksiyaların miqyasına görə Heydər Əliyev Fondu seçilir. Bununla yanaşı, vətəndaş cəmiyyətləri, dövlət qurumları, mədəniyyət xadimləri ehtiyacı olan şəxslərə yardım göstərirlər. Keçirilən yardım aksiyalarının məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.
“Pandemiya dönəmində əhalinin bir-birinə dəstək olması, həmrəylik nümayiş etdirməsi müsbət addımdır”
Millət vəkili Rüfət Quliyev bildirdi ki, o, aztəminatlı, tənha yaşayan ailələrə yardım göstərir: “Bununla yanaşı, müharibə veteranları, şəhid ailələri və digər seçicilərlə onlayn görüş həyata keçirirəm. Seçicilərin fərdi və maddi problemləri dinlənir, yerindəcə həll edilməsi üçün lazımi işlər görülür”.
Millət vəkilinin sözlərinə görə, kimliyindən asılı olmayaraq, ehtiyacı olan ailələrə hər kəs dəstək göstərməlidir. Koronavirusa yoluxmamaq üçün evdən çıxa bilməyən vətəndaşlara kömək edilməlidir: “Maddi vəziyyəti normal səviyyədə olan istənilən şəxs ehtiyacı olan ailələrin yanında olmalıdır. Prezident İlham Əliyev son çıxışında qeyd edib ki, karantin rejimi ilə bağlı əhali həmrəylik göstərir. Belə bir çətin məqamda əhalinin bir-birinə dəstək olması müsbət addımdır”.
Günel CƏLİLOVA