Prezidentin tapşırığı əsasında koronavirus pandemiyasının əhaliyə təsirlərinin minimumlaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Dövlət başçısının qərarına əsasən, birdəflik ödəmə ala biləcək vətəndaşlarımızın sayı 600 minə çatdırılacaq. Məlumat üçün bildirək ki, aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Açıqlanan son statistik rəqəmlərə əsasən, 230 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.
Məlumdur ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Bunlar yalnız ümumi sosial tədbirlərin bir hissəsidir. Əlavə olaraq Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək, eyni zamanda da növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq.
Qısa müddət ərzində 230 min nəfərə birdəfəlik ödənişin verilməsi həmin insanların sosial durumunu normal vəziyyətə salıb.
“İşsiz vətəndaşlara birdəfəlik ödənişin verilməsi Azərbaycanda tətbiq edilən sosial paketin davamlı olmasının göstəricisidir”
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, işsiz vətəndaşlara birdəfəlik ödənişin verilməsi Azərbaycanda tətbiq edilən sosial paketin davamlı olmasının göstəricisidir: “Əvvəlki sosial paket 200 min vətəndaşı əhatə edirdi. Birdəfəlik ödəmə alacaq şəxslərin sayının 3 dəfə artırılması mühüm addımdır. Bu onu göstərir ki, sosial paketdən daha çox vətəndaşımızın faydalanması ilə bağlı siyasi iradə var”.
Millət vəkili hesab edir ki, bu qərarın daha bir əhəmiyyəti var. Belə ki, bu proses aprel-may aylarını əhatə etsə də, növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq.
Günel CƏLİLOVA