“Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır”. Bunu Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.
Ölkə başçısının fikrincə, karantin rejiminin uzadılması virusla mübarizədə müsbət dinamikanı möhkəmləndirə bilər: “Karantin rejiminə gəldikdə, bildiyiniz kimi, karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır. Mən hesab edirəm ki, bu, düzgün addım olacaqdır. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə hesab edirəm ki, Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır”.
Ölkə başçısı onu da qeyd edib ki, son üç-dörd gün ərzində müsbət dinamika var: “Ancaq biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq, görək ki, bu dinamika nə qədər çəkəcək, bu, davamlıdır, yoxsa yox və hansı əlavə tədbirlər görülməlidir”.
Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Lakin müsbət hal odur ki, bəzi ölkələrdə, o cümlədən də Azərbaycanda artım dinamikası aşağı düşüb. Bütün bu deyilənlərlə yanaşı, karantin rejiminin uzadılması virusun yayılma dinamikasını möhkəmləndirə biləcəkmi? Buna nə qədər imkan verəcək?
“Ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır”
Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, karantin rejiminin uzadılması virusa yoluxma hallarının sayının bir az da azalmasına öz müsbət təsirini göstərəcək: “Son günlər bu sahədə müsbət dinamika var. Virusa yoluxanların sayında artım yoxdur. Artımın olmamasının özü müsbət dinamikadır. Bütün bunlar karantin rejimi çərçivəsində görülən tədbirlər nəticəsində mümkün olub. Ona görə də karantin rejimi uzadılsa, daha yaxşı olar. Məsələ ondadır ki, Azərbaycanda koronavirusa yoluxanların sayı digər ölkələrlə müqayisədə azdır. Ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır. Hesab edirəm ki, bu sevindirici haldır. Düzdür, biz hamımız istəyirik ki, bu proses tez başa çatsın və sözügedən bəladan xilas olaq. Ancaq bundan ötrü karantin tədbirlərini birdən-birə dayandırmaq olmaz. Hesab edirəm ki, Azərbaycanda virusla mübarizədə görülən tədbirlər müsbət səviyyədədir”.
Vidadi ORDAHALLI