İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə elektron qaydada müraciət edənlərdən 19 min 600 şəxsin sahibkarlıqla məşğul olduqları müəyyən edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin yaydığı məlumatda qeyd olunur.
Qeyd edilir ki, həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub: “Bu barədə onlara SMS göndərilib. Birdəfəlik ödəmə proqramı işsiz şəxslərə dəstək məqsədi daşıyır. Ona görə də bu kateqoriyaya aid olmayan, işi və qazancı olan şəxslərin birdəfəlik ödəmə proqramından faydalanmaq üçün elektron sistemə etdikləri müraciətlər təmin edilmir. Hazırda müraciətlərin emalı davam edir".
Birdəfəlik ödəmə ilə bağlı müraciət edənlərin bəzisinin işsiz olmaması məsələsi Prezident tərəfindən bir neçə gün öncə səsləndirildi.
20 minə yaxın şəxs işsiz kimi qeydiyyatdan keçib. Lakin araşdırmalar zamanı həmin şəxslərin işsiz olmaması müəyyən edilib.
“İşsiz kimi qeydiyyatdan keçən şəxslərin işləyib-işləməməsi dəqiq araşdırılmalıdır”
Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vahid Əhmədov qeyd etdi ki, yalan informasiya verənlər mütləq cəzalandırılmalıdır: “Hər kəs öz müdirini, öz kreslosunu qorumaq üçün istənilən addımı atır. Biz işsizlərin sayının 5 faiz olduğunu deyiriksə, bəs bu gün müraciət edən işsizlərin sayı niyə çoxdur? Yalan informasiyalarla hara qədər getmək olar?! Düzgün məlumat vermək lazımdır ki, cənab Prezident mövcud vəziyyəti analiz edə bilsin. Bilsin ki, ölkədə həqiqi vəziyyət nə cürdür. Prezident təkdir, o hər şeylə tək-tək məşğul ola bilməz. Ona məlumatlar hökumət, nazirlər, icra hakimiyyətləri tərəfindən verilir. Koronavirus göstərdi ki, bəzi məlumatlar dövlət başçısına düzgün verilmir. Bu, yalnız işsizlərin sayı ilə bağlı deyil, problem digər sahələrdə də var. Hər məmur öz yerini qorumağın hayındadır”.
Millət vəkili onu da əlavə etdi ki, işsiz kimi qeydiyyatdan keçən şəxslərin işləyib-işləməməsi dəqiq araşdırılmalıdır.
Günel CƏLİLOVA