Artıq iki aya yaxındır koronavirus pandemiyası ilə bağlı sosial təcrid şəraitində yaşamaq insanlarda müəyyən yeni vərdişlər formalaşdırır. Bəllidir ki, karantin rejimindən öncə insanlar ifrat formada keçirilən toy-nişan məclislərində iştirak etməkdən bezmişdilər.
Pandemiya dövründə insanların sağlamlığı üçün kütləvi mərasimlərin keçirilməsi qadağandır. İki aya yaxındır davam edən karantin dönəmində insanların kütləvi tədbirlərlə bağlı düşüncəsi dəyişdi. Artıq insanlar karantin bitəndən sonra təmtəraqlı toy məclislərində iştirak etmək istəmirlər. Ekspertlər də karantindən sonra ifrat toy məclislərinin ləğv olunmasının tərəfdarıdırlar.
“Koronavirusdan sonra həyat tərzimizi dəyişməliyik, yaxşı olar ki, ifrat formada keçirilən toy adəti ləğv edilsin”
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, karantindən sonra dəm-dəsgahlı toy məclisləri xudmani məclislərlə əvəz olunmalıdır: “Koronavirusdan sonra həyat tərzimizi dəyişməliyik. Yaxşı olar ki, ifrat formada keçirilən toy adəti ləğv edilsin.
Vallah, israfçılıqdır, yazıq-günahdır, insanlar dəvətnamə alanda sevinməkdən dilxor olurlar, borc alıb toya gedirlər. Toylarda da səs-küy, ağız deyəni qulaq eşitmir, insanın başı ağrıyır, masalar üzərində tonlarla yemək zay olur - bütün bunlara son vermək lazımdır.
Bunun üçün “Toy amnistiyası”na ehtiyac var. Mən demirəm ki, toy olmasın, şənlik olmasın, mütləq olmalıdır, amma bizdəki kimi biabırçılıqla yox. Ailə quran gənclər özləri 50-100 nəfərarası yaxın dostları ilə əylənsinlər, desinlər, gülsünlər, mahnı oxusunlar, rəqs etsinlər, gələn qonaqlar da simvolik hədiyyələrlə yanaşı, “almansayağı” hesabı versinlər ki, (adambaşına 15-20 manat düşəcək) ailələr heç xərcə düşməsinlər. Belə olarsa, həm israfçılıq aradan qalxar, həm də müxtəlif növ viruslar yayılmaz”.
Günel CƏLİLOVA