İşsiz kimi qeydiyyata alınan daha 20 min şəxsin birdəfəlik ödəmə ilə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vəsait bank filiallarına və poçt şöbələrinə köçürüldü.
Nazirlikdən Trend-ə verilən məlumata görə, onların qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.
Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Bundan başqa, işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə elektron qaydada müraciət edənlərdən 19 min 600 şəxsin sahibkarlıqla məşğul olduqları müəyyən edilib. Həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.
Birdəfəlik ödəmə proqramı işsiz şəxslərə dəstək məqsədi daşıyır. Ona görə də bu kateqoriyaya aid olmayan, işi və qazancı olan şəxslərin birdəfəlik ödəmə proqramından faydalanmaq üçün elektron sistemə etdikləri müraciətlər təmin edilmir.