Günümüzdə koronavirus bəlası, onun yayılması, yoluxanların və ölənlərin sayının artması dünya gündəmini məşğul edib. Koronavirusun ölkəmizdə sürətlə yayılmaması üçün karantin rejimi tətbiq olunub. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Yeni qaydalara əsasən, aprelin 5-dən etibarən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-lə məlumat verməlidirlər.
Təəssüf ki, bəzi şəxslər yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi ilə qanunsuz yerə 8103 qısa nömrəsi vasitəsilə icazələr alaraq, epidemiya əleyhinə rejimin tələblərini pozurlar. Həmin şəxslər müəyyən edilərək həbs olunublar.
Ekspertlər də hesab edirlər ki, pandemiya dövründə yanlış məlumat verib çölə çıxanlar mütləq cəzalandırılmalıdırlar.
“…bəzi vətəndaşlar öz sağlamlıqlarına biganə yanaşırlar”
Psixoloq Könül İsmayılova qeyd etdi ki, koronavirusla mübarizə məqsədilə hökumətin qəbul etdiyi bütün qərarlar ictimaiyyət tərəfindən müsbət qarşılanır: “Azərbaycan dövlətinin koronavirusla mübarizə sahəsində apardığı səmərəli mübarizə tədbirlərindən biri kimi ölkədə karantin rejiminin tətbiq edilməsi və aprelin 5-dən qaydaların daha da sərtləşdirilməsi vətəndaşlarımızın sağlamlığı, bu virusa yoluxmaması naminədir. Məlumdur ki, aprelin 5-dən vətəndaşlarımız evdən çölə çıxmazdan əvvəl 8103 qısa nömrəsinə SMS göndərirlər. Bu sistem o qədər operativ qurulub ki, SMS yazılan kimi dərhal da cavab verilir.
Aidiyyəti qurumlar vətəndaşın sağlamlığının qorunması üçün öz işini yüksək səviyyədə həyata keçirsələr də, bəzi vətəndaşlar öz sağlamlıqlarına biganə yanaşırlar. Yasa getmək adı ilə yalandan SMS göndərənlər cəzalandırılmalı, həbs olunmalıdır”.
Günel CƏLİLOVA