Aprelin 15-də Prezident İlham Əliyevin iştirakı ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans keçirilib. Konfransda bir çox məsələyə toxunulub. O cümlədən, Prezident qeyd edib ki, 12 min insanın özünüməşğulluq proqramına cəlb edilməsi çox müsbət nəticədir.
Nəzərə alsaq ki, biz təqribən 3, 4, 5 minlə başlamışıq: “Amma giriş sözümdə dediyim kimi, - siz də bu barədə mənə məlumat vermisiniz, - təqribən on minlərlə tələbat var. Əlbəttə ki, bu tələbatın ödənilməsi asan məsələ deyil. Çünki hər bir məsələyə ayrı-ayrılıqda baxılır, bəzi hallarda, bəzi insanların bu işlərə qabiliyyəti çatmır, bəzi insanlar vasitələri alıb sonra onları satırlar. Belə hallar da var və dünya praktikası var. Mənə verilən məlumata görə, dünya praktikasında özünüməşğulluq proqramının uğur əmsalı, təqribən, 50 faiz ətrafındadır, Azərbaycana gəldikdə, bu, daha çoxdur. Ancaq bu proqrama cəlb olunan vətəndaşlar bilməlidirlər ki, əgər onlara verilmiş imkanlardan düzgün istifadə etməsələr, bu imkanı itirəcəklər və ikinci dəfə onlara bu şərait yaradılmayacaq. Ona görə xahiş edirəm, əgər kiməsə vasitə verilirsə, onu satmasın, ondan səmərəli şəkildə istifadə etsin ki, özü üçün davamlı, dayanıqlı gəlir mənbəyi yaratsın. Bizim əsas məqsədimiz budur ki, insanlar özləri üçün müstəqil gəlir mənbələri yaratsınlar və ailələrini saxlaya bilsinlər. Ona görə 12 min insanın imkanlarını araşdırmaq böyük vaxt tələb edir və burada meyarlar çox dəqiq ölçülüb-biçilməlidir ki, ədalət prinsipi tam təmin edilsin”.
“Pandemiya dövründə tək aqrar sektora deyil, digər sahələrə də...”
Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki,özünüməşğulluq proqramı sayəsində bir çox şəxs sahibkar statusu qazanıb: “Bu baxımdan özünüməşğulluq layihəsi ilə bağlı təkmilləşdirmənin aparılmasına ehtiyac var. Hesab edirəm ki, pandemiya dövründə özünüməşğulluq proqramına ayrılacaq vəsaitin həcmində artım olacaq. Proqramın mərhələli şəkildə təkmilləşdirilməsi çox vacibdir”.
Millət vəkili hesab edir ki, pandemiya dövründə tək aqrar sektora deyil, digər sahələrə də vəsait ayrılmasına ehtiyac var.
Günel CƏLİLOVA