Qlobal pandemiya elan edilən koronavirusa (COVID-19) qarşı dünya səfərbər olunub. Bütün ölkələr, ümumilikdə, insanlığı təhdid edən bu bəla ilə mübarizə aparır, çarə arayır. Təəssüf ki, hələlik koronavirusu məhv etməyin tibbi çarəsi tapılmayıb. Lakin ondan qorunmağın yolları da mövcuddur ki, bunlara əməl etməklə insan həyatını xilas etmək mümkündür. Bu baxımdan da Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.
Məlumdur ki, infeksiyaya yoluxmanın sürətini azaltmaq, insanların bir-birilə yaxın əlaqələrini minimuma endirmək məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib. Aprelin 5-dən isə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanıb. Həmçinin, aprelin 5-dən 20-dək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən, yerli hava uçuşları tam şəkildə dayandırılıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyinə əsasən, COVID-19 pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir. Mütəxəssislər bu xəstəliyin sürətlə və geniş yayıldığını nəzərə alaraq, COVID-19-la bağlı testlərin keçirilməsinə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edirlər. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək və onların kontaktda olduğu şəxsləri müəyyənləşdirmək mümkündür.
Bu istiqamətdə ölkəmizdə aparılan işlər nəticəsində son günlər koronavirusdan müalicə olunanların sayı yoluxanların sayını keçib. Açıqlanan son statistik rəqəmlərə əsasən, Azərbaycan Respublikasında 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Mütəxəssislər hesab edirlər ki, hazırda Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir.
“Müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risq qrupları...”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən, diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verilib: “Müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risq qrupları - yaşlılar, immunosupressiv xəstələr arasında COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Hazırda ölkədə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Bu da onu deməyə əsas verir ki, qısa zaman ərzində müayinə dinamikasının artması müşahidə ediləcək”.
Günel CƏLİLOVA