“Əlbəttə ki, biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan, hansı ki, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirib, dövlət tərəfindən dəstəklə təmin edilir. Bu insanların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib. Prezident bildirib ki, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar: “Biz burada da çox diqqətli olmalıyıq, sui-istifadədən uzaq olmalıyıq. Bu həm vətəndaşlara aiddir, həm də dövlət orqanlarına. Doğrudan da işini itirmiş, yaxud da ki, işləməyən insanlara yardım göstərilməlidir. Çünki mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar”.
İşsizlərə və işini itirənlərə yardım edilməlidir. Ancaq araşdırmalar zamanı məlum olub ki, son günlər müraciət edən şəxslərin sayı çoxalıb.
“...hökumət tərəfindən bəzi addımlar atılmalıdır”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işsiz kimi qeydiyyata düşmək istəyənlərin sayının çox olması normaldır: “İşsiz kimi qeydiyyata düşmək istəyənlərin sayının çox olması ilə bağlı hökumət tərəfindən bəzi addımlar atılmalıdır. İlk növbədə, hökumətin qərarında müəyyən dəyişiklik olunmalıdır. Bununla yanaşı, ayrılan vəsaitin həcmi artırılmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, videokonfrans şəklində keçirilən müşavirədən sonra Baş nazirin iştirakı ilə toplantı keçirilməlidir. Həmin toplantıda işsiz kimi qeydiyyata düşən və düşmək istəyənlərin sayı nəzərə alınıb proqrama dəyişiklik olunmalıdır.
İqtisadçı hesab edir ki, işsiz kimi qeydiyyatdan keçənlərin sayı daha da artacaq: “Nəzərə almaq lazımdır ki, karantin rejimi bitəndən sonra da bütün iş yerlərinin dərhal açılması və iqtisadi aktivliyin artması mümkünsüzdür. Bu səbəbdən də yardım veriləcək müddətin uzadılmasına ehtiyac var. Yaxşı olar ki, yardım paketi 2 ay deyil, 4 ay olsun”.
Günel CƏLİLOVA