Nazirlər Kabinetinin qərarı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin ödədikləri təhsil haqları geri qaytarılacaq. Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.
Onun sözlərinə görə, bu, dövlətin humanist yanaşmasıdır: “Elə tələbə var ki, o, sosial baxımdan həssas tələbə kateqoriyasına aiddir, amma təhsil haqqının bir hissəsini apreldə ödəyib. Ədalətli yanaşma bundan ibarətdir ki, vəsaiti ödəyib-ödəməməsindən asılı olmayaraq, dövlət həmin vəsaiti belə tələbələr üçün ödəyəcək. Artıq ödənilmiş vəsaitlər növbəti semestrlər üzrə təhsil müəssisəsi tərəfindən təhsil haqqı kimi əvəzlənə və nəzərə alına bilər”.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qərarı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.