Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Təəssüflər olsun ki, adıçəkilən virus ölkəmizdə də qeydə alınıb. Virusun sürətlə yayılmaması üçün ölkədə karantin rejimi tətbiq olunub.
Qeyd edək ki, karantin rejimi ilə bağlı əksər sahədə işlər dayandırılıb. Aparılan araşdırmalara görə, koronavirusla əlaqədar olaraq son zamanlar daşınmaz əmlak bazarında vəziyyət dəyişib. Belə ki, evlərin və kirayə mənzillərin qiyməti ucuzlaşıb.
“...onlar kirayə haqlarını ödəyə bilmirlər”
Məsələ ilə bağlı fikir bildirən "Unipirice" Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru Ramil Qasımzadə də kirayə mənzil bazarında qiymətlərin enməsinin mövcud şəraitlə bağlı olduğunu bildirdi. Onun sözlərinə görə, bəzi əmlak sahibləri yaranmış vəziyyətlə əlaqədar qiymətlərdə kirayəçilərə 10-30 faiz arasında güzəşt ediblər: "Koronavirus pandemiyasının yayılması nəticəsində bəzi sahələrdə, xüsusən xidmət sektorunda işlərin dayanması ilə əlaqədar həmin sahələrdə çalışan vətəndaşların gəlirləri azalıb və onlar kirayə haqlarını ödəyə bilmirlər. Müqaviləsiz işləyənlərin bir çoxu artıq işlərini itirib. Ona görə də məcburiyyət qarşısında evləri tərk edərək sahiblərinə təhvil verməli olublar. Pandemiyanın nə qədər davam edəcəyi məlum olmadığına görə bazarda gözləmə mövqeyi hökm sürür".
Həmsöhbətimizin sözlərinə görə, bəzi sektorlarda işlərin dayandırılması ilə əlaqədar qeyri-yaşayış sahələrinin də gəlirliliyi aşağı düşüb: “Xüsusilə xidmət sektoruna aid olan obyektlərdə icarə qiymətlərində müəyyən qədər ucuzlaşma müşahidə olunur. Çünki həmin obyektlərdə gəlirlər, demək olar ki, yoxdur. İcarəyə götürülən obyektlərin bir çoxu fəaliyyət göstərmədiyi üçün icarə qiymətləri ilə bağlı sahibkarlarla əmlak sahibləri arasında danışıqlar aparılır. Ona görə də icarədarlar müəyyən qədər güzəştə gedirlər”.
R.Qasımzadə hesab edir ki, vəziyyətin bu cür davam edəcəyi təqdirdə növbəti aylarda daşınmaz əmlak bazarında satış və kirayə qiymətlərinin enməsi qaçılmaz olacaq.
Günel CƏLİLOVA