İnternet və sosial şəbəkələr "COVID-19" haqqında dezinformasiyalarla doludur. Ekspertlər istifadəçiləri informasiya gigiyenasına əməl etməyə səsləyirlər. Ancaq bəzi şəxslər koronavirusla bağlı həqiqətə uyğun olmayan xəbərlər yayırlar. Aparılan araşdırmalar zamanı həmin şəxslər müəyyən olunaraq qanunvericiliyin tələbinə uyğun cəzalandırılırlar.
Bu günlərdə Astara rayon sakininin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə ayrı-ayrı şəxslərə koronavirus infeksiyası ilə (COVID-19) bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar göndərdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Lənkəran regional qrupunun yaydığı məlumatda qeyd olunur ki, həyata keçirilən müvafiq tədbirlərlə həmin məlumatları yayan şəxsin rayonun Səncərədi kənd sakini Dunyamalı Məmmədov olması müəyyən edilib və o, Rayon Polis Şöbəsinə dəvət olunub. Həmin şəxs inzibati qaydada həbs olunub.
“Əhali sosial şəbəkə vasitəsilə yayılan yanlış məlumatlara deyil, dövlət qurumlarına inanmalıdır”
Media sahəsi üzrə ekspert Azər Həsrət hesab edir ki, əhali sosial şəbəkə vasitəsilə yayılan yanlış məlumatlara deyil, dövlət qurumlarına inanmalıdır: “Birincisi, dövlətin bu sahəyə məsul olan strukturları bu məsələ ilə bağlı tədbir görmədi. Bu baxımdan ki, aidiyyəti dövlət strukturları əhali arasında maarifləndirmə işləri aparmalı və informasiya, məlumat boşluğu yaratmamalı idi. Təəssüflər olsun ki, o boşluq yaradıldı və müəyyən təxribatçı qruplar da bu boşluqdan sui-istifadə etdilər. Artıq bir müddətdir Çindən qaynaqlanan və hətta uzaq ölkələrə belə gedib çıxan bu virusla bağlı informasiyalar yayımlanır. Azərbaycanın Səhiyyə Nazirliyi bu istiqamətdə informasiya boşluğuna imkan yaradır. Əlbəttə, nazirlik deyə bilər ki, biz olmayan şey haqqında nə danışa bilərik və s. Amma bu virus bir epidemiya halını alıbsa və dünyanı səksəkədə saxlayırsa, gündə bir neçə dəfə bununla bağlı Azərbaycandakı vəziyyət haqqında ictimaiyyətə məlumat verilməlidir. Vəziyyətdən istifadə edən bəzi şəxslər sosial şəbəkə vasitəsilə təxribatçı, dedi-qodu yaradanlar, şayiə yayanlar çıxıblar. Əslində, buna, sadəcə, dedi-qodu yaradanlar kimi baxılmamalıdır. Sosial şəbəkələrdə yalan məlumatları yayan şəxslər qanun çərçivəsində həbs olunmalıdırlar”.
Günel CƏLİLOVA