Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində də davam etdirilir və proqramın əhatə dairəsi genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, son 10 gündə ünvanlı yardım alan ailələrin sayı 14 faiz və ya 9 500 ailə artaraq 78 min 500-ə çatıb, yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 330 mini ötüb.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi müddətində bitmiş ailələrə bu yardımın verilməsi müddəti uzadılıb.
Karantin dövründə insanlara göstərilən diqqət və qayğı yüksək qiymətləndirilir. Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artıb. 2020-ci ilin əvvəli ilə müqayisədə bu məbləğ 10 faizədək artaraq 222 manatı ötüb. Qısa müddət ərzində yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 330 mini ötüb.
“Karantin rejimi dönəmində əhalinin sosial vəziyyətinin normal halda olması üçün onlara yardım edilir”
İqtisadçı-ekspert Fuad İbrahimli qeyd etdi ki, Prezident İlham Əliyev koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlığının təmin edilməsi üçün lazımi işlər görülməlidir: “Məlumdur ki, artıq ehtiyacı olan ailələrə yardım verilir. Onların sosial rifahının təmin olunması üçün dövlət tərəfindən vəsait ayrılıb. Məlumdur ki, koronavirus bəlasından bütün dünya ölkələri əziyyət çəkir. Elə ölkə var ki, əhalinin sosial vəziyyətinin, iqtisadiyyatın tarazlığının pozulmaması ilə bağlı hər hansı bir iş görməyib. Ancaq sevindirici haldır ki, Azərbaycan hökuməti bu sahədə cəld tərpəniş etdi. Karantin rejimi dönəmində əhalinin sosial vəziyyətinin normal halda olması üçün onlara yardım edilir”.
Həmsöhbətimiz bildirdi ki, 10 gün ərzində yardım alan ailələrin sayı artıb. Onun fikrincə, qarşıdakı günlər ərzində rəqəm daha da artacaq.
Günel CƏLİLOVA