Koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Bütün səylərə baxmayaraq, hələlik dünyanın heç bir ölkəsində bu virusun qarşısının alınmasına nail olunmayıb. Güclü səhiyyə sisteminə malik bir sıra Avropa ölkələrində belə, koronavirusa qarşı səmərəli mübarizə aparmaq mümkün olmur. Adıçəkilən virusun ölkəmizdə sürətli yayılmaması üçün qabaqlayıcı tədbirlər görülüb.
Buna baxmayaraq, bəzi marketlərdə çalışan kassirlər ya əlcəkdən istifadə etmir, ya da bir əlcək vasitəsilə müştərilərdən pul alıb, qalıq qaytarırlar. Beləliklə, eyni əlcəkdən virus müxtəlif insanlara yoluxur.
“Hansısa kassirin əlində əlcək varsa, o, alıcıdan pul alıb sayır, qalıq pulu qaytarır, bu zaman eyni əlcəkdən virus müxtəlif insanlara keçə bilər”
Məsələ ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, marketlər koronavirusun yayılmasına şərait yaradırlar: “Kassaya nəzarət edən şəxsin əlində əlcək ya olur, ya da olmur. Hansısa kassirin əlində əlcək varsa, o, alıcıdan pul alıb sayır, qalıq pulu qaytarır və s. Bu zaman eyni əlcəkdən virus müxtəlif insanlara keçə bilər. Virusun hansı yollarla yoluxduğunu nəzərə alsaq, onda elə marketlər ən böyük yoluxma məkanıdır”.
Həmsöhbətimiz hesab edir ki, problemdən çıxış yolu nağd ödənişlərdən imtina etməkdir: “Problemi həll etmək o qədər də asan məsələ deyil. Ən real çıxış yolu budur ki, nağd ödənişlərdən mümkün qədər imtina etmək lazımdır. Daha çox kartla ödənişlərə üstünlük verilməlidir. Yalnız bu halda vəziyyəti yüngülləşdirmək olar”.
Günel CƏLİLOVA