Türk dünyasının taleyüklü problemlərinin həll edilməsində xüsusi təşəbbüsləri, ideyaları və əməli fəaliyyəti ilə öndə gedən Azərbaycan dövləti türk birliyinin həmişəlik qorunub saxlanmasına gərəyi olan töhfələri verir. Koronavirusla ağır mübarizə şəraitində də Azərbaycan dövləti eyni soykökə malik olduğumuz türkdilli xalqlardan öz diqqətini, qayğısını əsirgəmir, bu bəlaya birgə qalib gəlməyimiz üçün təcrübəsini, təşəbbüs və ideyalarını onlarla paylaşır.
Aprelin 10-da Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi Azərbaycan dövlətinin ümumtürk birliyi naminə atdığı addımlardan biridir.
Ölkə başçısı burada, həmçinin, Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilməsindən və fonda yığılan vəsaitdən danışıb, bunun isə həmrəylik nəticəsində reallaşdığını qeyd edib: “...Mənim təşəbbüsümlə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilmişdir. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir”.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna tez bir zamanda 110 milyon manat vəsaitin köçürülməsində həmrəylik nə qədər həlledici rol oynayıb?
“Bu həm də onu göstərdi ki, Azərbaycanda mövcud olan həmrəylik, sadəcə, şüarçılıq deyil, bu, praktikada dəfələrlə özünü doğruldan tarixi-milli bir ənənədir”
Əməkdar mədəniyyət işçisi, tanınmış tarixçi-etnoqraf Ənvər Çingizoğlu baki-xeber.com-a bildirdi ki, koronavirusla mübarizədə dövlətimizin və xalqımızın qalib çıxmasını əsas şərtləndirən amil həmrəylikdir. “Azərbaycanda koronavirusla mübarizə sahəsində çox mühüm işlər görülüb və bu əhəmiyyətli işlərdən biri cənab Prezidentin şəxsi təşəbbüsü, xüsusi fərmanı ilə təsis edilən Koronavirusla Mübarizəyə Dəstək Fondudur. Bu fondun təsis edilməsi sadə vətəndaşlardan, alimlərdən, müxtəlif peşə və sənət sahiblərindən tutmuş, iş adamlarına, yüksək dövlət vəzifələrində çalışan insanlara qədər hər kəsə şans verdi ki, maddi cəhətdən koronavirusla mübarizəyə töhfə versinlər. Hər kəs öz büdcəsinə uyğun olaraq fonda vəsait köçürdü. Xalqımız, ictimaiyyət Prezident İlham Əliyevin çağırışlarına uyğun olaraq, sosial həmrəylik və milli birlik göstərərək gözəl bir nümunə ortaya qoya bildilər. Hesab edirəm ki, cənab Prezidentin Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitin məbləğini Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə açıqlaması və bunu həmrəylik nümunəsi kimi qiymətləndirməsi çox mühüm bir məsələnin önə çəkilməsidir.
Əlbəttə, sözügedən fonda çox qısa zaman ərzində 110 milyon manat vəsaitin toplanmasında həmrəyliyimizin və milli birliyimizin, sosial cəhətdən birləşməyi bacarmağımızın rolu əvəzsizdir. Bu həm də onu göstərdi ki, Azərbaycanda mövcud olan həmrəylik, sadəcə, şüarçılıq deyil, bu, praktikada dəfələrlə özünü doğruldan tarixi-milli bir ənənədir. Biz xalq və dövlət olaraq həmrəyliyi həyat tərzimizə çevirməyi bacarmışıq”.
Ə.Çingizoğlunun sözlərinə görə, koronavirusla mübarizədə xalq, cəmiyyət və dövlətin eyni zamanda həmrəylik göstərməsi özü bir örnəkdir. O hesab edir ki, bu ağır dövrdə həmrəylik məsələsinin çox dövlətdə reallaşa bilmədiyini görürük. Bütün ağır zamanlarda birləşməyi, həmrəy olmağı bacaran xalqımız koronavirusla mübarizədə də yumruq kimi birləşməyi bacardı.
Azərbaycanın nail olduğu həmrəylik örnəklərinin müasir dövrdə başqa türkdilli respublikalar üçün də bir nümunə olduğunu deyən Ə.Çingizoğlunun sözlərinə görə, tarixən türklər bir olmağı, dar gündə birləşməyi bacarıblar. Prezident İlham Əliyevin onlayn fövqəladə Zirvə görüşündə türkdilli dövlətlərlə həmrəylik nümayiş etdirərək səsləndirdiyi fikirlərin eyni soykökdən olan xalqların, dövlətlərin bu ağır vəziyyətdə də birləşməyi bacardığını bir daha ortaya qoyduğunu deyən Ə.Çingizoğlu hesab edir ki, həmrəylik bizim əsas söykəndiyimiz praktikadır, ənənədir, həyat tərzidir.
İradə SARIYEVA