Dekabrın 20-də Sankt-Peterburqda Avrasiya İttifaqı İqtisadi Şurasının (AİİŞ) qeyri-formal sammiti keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev də sözügedən tədbirdə iştirak edəcək. Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl Prezident İlham Əliyevi həmin görüşə dəvət edib.
Onu da qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin AİİŞ-ə daxil olmayan MDB ölkələrinin liderlərini qeyri-formal sammitə hələ oktyabr ayında dəvət edib. Sankt-Peterburqda AİİŞ-nin qeyri-rəsmi zirvə görüşü zamanı bir sıra məsələlərin müzakirə ediləcəyi gözlənir.
Rusiya mətbuatının yazdığına görə, prezidentlər İlham Əliyev və Vladimir Putin Sankt-Peterburqdakı zirvə toplantısında görüşəcəklər.
Azərbaycan Aİİ-nin üzvü olmasa da, sözügedən qurumda təmsil olunan Ermənistanı çıxmaq şərtilə, digər ölkələr Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Bu ölkələrin Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək səviyyədədir. Hətta Aİİ-nin bəzi tədbirlərində belə, Azərbaycanın maraqlarının nəzərə alınması gündəmə gəlib. Yəni Azərbaycan qurumda o dərəcədə yüksək hörmətə malikdir.
Bütün bunların fonunda, Prezident İlham Əliyevin sözügedən sammitə xüsusi dəvət olunması nə deməkdir? Ekspertlər bunu necə dəyərləndirirlər?
“Qarşı tərəf Aİİ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin dərinləşməsində maraqlıdır”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu, Azərbaycana verilən xüsusi önəmin göstəricisidir: “Azərbaycan Aİİ-nin üzvü deyil. Ancaq həmin tədbirə ölkə başçısının dəvət edilməsi ölkəmizə verilən xüsusi önəmin göstəricisidir. Düzdür, həmin tədbirdə digər Aİİ üzvü olmayan dövlətlərin də başçıları iştirak edəcək, amma reallıq odur ki, Azərbaycan-Rusiya münasibətləri çox yaxşıdır. Xüsusən də İlham Əliyevlə Vladimir Putinin münasibətləri kifayət qədər yaxındır. Bunu bir sıra görüşlər də təsdiq edir. O baxımdan, Prezident İlham Əliyevin tədbirə dəvət olunması Azərbaycanın nüfuzunun göstəricisidir. Bu, Azərbaycanın bir sıra istiqamətlərdə atdığı addımlarla bağlıdır. Söhbət həm iqtisadi, həm də xarici siyasət sahəsində ölkəmizin atdığı uğurlu addımlardan gedir. Hesab edirəm ki, bütün bunlar özlüyündə Azərbaycanın dünyada oynadığı rolu və yeri ilə bağlıdır. Rusiya bunu dərk edir. O üzdən, bizim dövlət başçımızın orada iştirak etməsi iki ölkə münasibətlərinin daha da yaxşılaşmasına xidmət edəcək. Nəzərə almaq lazmdır ki, İlham Əliyevin Putinlə ikitərəfli görüşü olacaq. Rusiya rəhbərliyi Azərbaycanın çoxşaxəli potensialının fərqində olduğu üçün ölkəmizə xüsusi önəm verir. Aİİ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin dərinləşməsində maraqlıdır”.
Vidadi ORDAHALLI