Müsavat Partiyası gələn il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlərini açıqlayıb. İddiaçılar sırasında əsas diqqəti partiyanın hazırkı başqanı Arif Hacılının 15 saylı Yasamal Birinci Seçki Dairəsindən namizədliyini irəli sürməsi çəkib.
Məlumat üçün qeyd edək ki, əvvəlki seçkilərdə bu dairədən Müsavatın sabiq başqanı İsa Qəmbər namizəd olub və seçkinin nəticələrinə görə qalib olmayıb. Digər maraqlı məqam isə bununla bağlıdır ki, sözügedən dairədən başqa bir müxalif partiyanın sədri də namizədliyini irəli sürüb. Adətən, namizədlər daha çox özlərini seçkilərdə yaşadıqları və doğulduqları ərazilərdən daha çox sınamaqda maraqlı olurlar. Ancaq nəzərə alsaq ki, Arif Hacılı və ADP sədri həmin dairə ilə bağlı deyilən parametrləri özlərində cəmləmirlər, onda iki müxalif partiya sədrinini Yasamal birinci dairəsində cəlb edən nədir ki, onlar hətta buna görə müxalif mövqeli insanların səslərinin parçalanmasına razı olurlar?
Sərdar Cəlaloğlu: “Arif Hacılı mənimlə görüşmədi və məhz namizədliyimi irəli sürdüyüm dairəni seçdi”
ADP sədri Sərdar Cəlaloğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq o, həmin dairədən namizədliyinin qeydə alınması üçün bütün sənədləri təqdim edib: “Mən artıq imza toplamağa başlamışam. Bu məsələdə mənim heç bir təqsirim yoxdur. Çünki hamıdan əvvəl mən həmin dairədən namizədliyimi verəcəyimi açıqladım. Sonra eşitdim ki, Arif Hacılı da oradan namizədliyini irəli sürmək niyyətindədir. Belə vəziyyət müxalif səslərin parçalanmasına ciddi təsir edəcək. Bu həm də müxalifət daxilindəki siyasi mədəniyyətin hansı səviyyədə olmasını cəmiyyətə göstərir. Faktiki olaraq, biz bir-birimizlə mübarizə aparmalı olacağıq. Mən o dairədən qalib gələcəyimə əminəm. Amma Arif bəyin məhz məndən sonra gətirib həmin dairədən namizədliyini irəli sürməsi maraqlıdır. Seçkilər elan olunmamışdan əvvəl biz danışmışdıq ki, görüşüb funksional əməkdaşlıqla bağlı söhbət edək. Yəni elə edək ki, bir-birimizə alternativ ortaya çıxarmayaq. Amma mənimlə görüşmədi və məhz namizədliyimi irəli sürdüyüm dairəni seçdi. Hələ Arif Hacılı sənədlərini də dairəyə təqdim etməyib”.
“Bunun İsa Qəmbərin həmin dairədən bir vaxt namizəd olması ilə bir əlaqəsi ola bilərmi” sualına isə Sərdar Cəlaloğlu belə cavab verdi: “Axı o zaman İsa Qəmbər seçkinin qalibi olmadı ki, bu onlara əlavə avantaj gətirsin. Uduzdu deyə də bilmərəm, amma, faktiki olaraq, uduzduruldu. Mənim həmin dairəni seçməyimin bir səbəbi də budur. Başqa bir səbəb isə ərazinin mənə doğma və tanış olmasıdır. Mən tələbəlik illərində 5 il orada kirayədə qalmışam. Əslində, mən gedib Naxçıvandan da namizədliyimi verə bilərəm. Yəni doğulduğum yer baxımından. Onda da partiyanın seçkilərdə iştirakı prosesinə rəhbərlik edə bilmərəm. Çünki məsafə uzaqdır, həm də başım qarışar ora, proseslərə nəzarət etmək imkanım zəifləyər. Hesab edirəm ki, mən Azərbaycanın istənilən rayonundan namizədliyimi verib, istənilən adama da qalib gələ bilərəm. Bununla bağlı problemim yoxdur. Sübut olunur ki, mənim məhz oradan namizədliyimi irəli sürməyim hər hansı bir başqa niyyətə hesablana bilməz”.
Mözvu ilə bağlı mövqeyini öyrənmək üçün gün ərzində Müsavat başqanı Arif Hacılı ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.
Məhəmmədəli QƏRİBLİ