Azərbaycan dövlətinin üzv olduğu siyasi və humanitar beynəlxalq qurumların sayı çox olsa da, çox təəssüf ki, bir sıra məsələlərə, xüsusən də Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı torpaqlarımızda ermənilərin törətdiyi vandalizm aktlarına göz yumurlar. Ölkəmiz bu təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirsə də, amma bu təşkilatlar öz üzərilərnə düşən öhdəlikləri yadlarına salmaq istəmirlər.
Müəyyən istisnaları nəzərə almasaq, indiyə qədər UNESCO, İSESCO, eləcə də digər humanitar təşkilatlar ermənilərin həm Ermənistan ərazisində, həm də Dağlıq Qarabağ və ətraf rayonlarda Azərbaycan abidələrinə qarşı törətdikləri vandalizm hərəkətlərini pisləyən hər hansı bir bəyanatla çıxış etməyiblər. Ola bilsin, hansısa tədbir, rəsmi görüşlər çərçivəsində Azərbaycanın üzv olduğu beynəlxalq qurumlar erməni təcavüzünü pisləsin, amma, bütövlükdə, heç bir təşkilat ermənilər tərəfindən dağıdılan, quruluşu dəyişdirilən, saxtalaşdırılan, erməniləşdirilən Azərbaycan abidələrinin taleyi barədə narahatlığını ifadə etməyib. Halbuki, beynəlxalq təşkilatlar bu ciddi faktlarla bağlı bəyanatlar verə, ermənilərdən Azərbaycanın işğal olunmuş ərazisindəki abidələrə qarşı vandalizm hərəkətlərini dayandırmağı tələb edə bilər. Yəni bu həm müvafiq beynəlxalq konvensiyaların tələbindən irəli gələn məsələdir, həm də həmin qurumların öz öhdəliklərinə tam uyğundur. Ermənilər tərəfindən işğalda saxlanan Dağlıq Qarabağ, eləcə də ətraf rayonlarda kifayət qədər məscid, türbə, islam dünyası üçün əhəmiyyətli olan abidə erməni vandalizminə məruz qalaraq dağıdılıb. Lakin hələ də beynəlxalq qurumlar bununla bağlı hər hansı bir fikir bildirməyiblər. Dünyanın müharibə getmiş bütün bölgələrində abidələr toxunulmaz olaraq qalır və onlar öz mövcudluğunu qoruyub saxlayırlar. İşğal edilən torpaqalarda olan abidələrə başqa işğalçılar toxunmasa da, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında abidələrə divan tutublar.
“...bu dövlət qurumları həmin faktları beynəlxalq qurumlara təqdim etməyiblər”
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər tərəfindən vandalcasına dağıdılan Azərbaycan abidələrinin taleyinə beynəlxalq qurumlar biganəlik sərgiləməkdə davam edirlər. “Bizim abidələrimizin beynəlxalq təşkilatlar tərəfindən qeydiyyata alınması müsbət haldır. Amma bizim işğal altındakı torpaqlarımızda da saysız abidəmiz var, iş burasındadır ki, beynəlxalq təşkilatlar nəinki o abidələri müdafiə edir, hətta heç bizim torpaqları işğal altında olan ərazi kimi qəbul etmirlər. Ən böyük bəlamız budur ki, həmin beynəlxalq qurumlar işğal altındakı Azərbaycan torpaqlarında erməni vandalizminə məruz qalan abidələrimizlə bağlı hər hansı bir qərar, qətnamə qəbul etmirlər, halbuki bunu edə bilərlər. Əslində, onlar qətnamələr çıxarmalı, erməni vandalizmini pisləyən qərarlar verməli, Ermənistan qarşısına konkret tələblər qoymalıdırlar. Amma onlar ermənilər tərəfindən dağıdılan, forması, quruluşu dəyişdirilən abidələrimizlə bağlı heç bir iş görmürlər. Ümumiyyətlə, bu istiqamətdə heç bir addım atılmır. Deyim ki, bizim aidiyyəti ictimai qurumların çoxunun həmin beynəlxalq təşkilatlarla əlaqəsi yoxdur. Bunun da səbəbi odur ki, bəzi beynəlxalq təşkilatların həmin qurumlarla əlaqə yaratmağa, onlarla əməkdaşlıq etməyə maliyyə resursları yoxdur, bəzi qurumların isə Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələri haqqında məlumatı yetərincə deyil. Şəxsən bizim təşkilatın maliyyə imklanları zəif olduğu üçün xaricə çıxa bilmir, halbuki, bizim vəsaitimiz olsa, çox iş görə bilərik”.
F.İsmayılovun sözlərinə görə, Dağlıq Qarabağda saysız islam abidəsi var ki, onlar da erməni vandalizminin qurbanı olublar. O vurğuladı ki, ermənilər tərəfindən işğal edilən Azərbaycan torpaqlarında 72 məscid olub, lakin o məscidlərin, demək olar ki, hamısı dağıdılıb, cəmi iki-üç məscid saxlanıb, o da fars mədəniyyətinin nümunəsi kimi təqdim edilir. “Bu da ona xidmət edir ki, guya ermənilər müsəlman dini abidələrini qoruyub saxlayırlar. Amma, faktiki olaraq, erməni vandalizmi nəticəsində 72 məscidin, demək olar ki, hamısı dağıdılıbsa, onlarla qəbirüstü abidə, türbə yerlə yeksan edilibsə, buna mütləq beynəlxalq qurumlar, o cümlədən, İSESCO münasibət bildirməlidir. Bu faktların beynəlxalq təşkilatlarda səsləndirilməsinə, ermənilərə qarşı cəza tədbirləri görülməsinə nail olmalıyıq. Mən erməni vandalizminə məruz qalan Azərbaycan abidələrinin siyahısını həm Xarici İşlər Nazirliyi, həm Mədəniyyət Nazirliyi, həm də Dini İşlər üzrə Dövlət Komitəsinə təqdim etmişəm ki, onlar bu siyahını beynəlxalq qurumlara göndərsinlər. Amma, görünür, nədənsə bu dövlət qurumları həmin faktları beynəlxalq qurumlara təqdim etməyiblər” -deyə F.İsmayılov vurğuladı.
İradə SARIYEVA