Dünya geosiyasətində yaşanan dəyişikliklərin təsir göstərəcəyi ən mühüm məkanlardan biri qismində Cənubi Qafqaz qəbul edilməkdədir. Belə görünür ki, yaxın tezlikdə bu regionda mühüm yeniliklər olacaq və bu yeniliklərin təsir göstərəcəyi əsas istiqamətlərdən biri Cənubi Qafqazdakı mövcud münaqişələr olacaq. Təbii ki, onların sırasında Dağlıq Qarabağ münaqişəsi də yer alır.
Regionun aparıcı ölkəsi olaraq Azərbaycan prosesi yaxından izləyir və hadisələrin gedişini öz maraqları çərçivəsinə uyğunlaşdırır. Baş verənlərdən daha çox əndişələnən tərəf qismində isə işğalçı Ermənistan çıxış edir. Erməni mediasına nəzər salanda belə bəlli olur ki, Qafqazı gözləyən geosiyasi yeniliklər, xüsusən də qardaş Türkiyənin regionda möhkəmlənməsi düşmən tərəfdə böyük ajiotaja yol açıb. Artıq faktdır ki, Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq İrəvanda panika halını alıb. Hətta erməni mediasında, sosial şəbəkələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə birgə Ermənistanın “arzulamadığı” bir gizli planının olmasından yazılır. Ermənistanın “Aravot” qəzeti ölkənin hakim dairələrində olan etibarlı mənbələrinə istinadən yazır ki, Rusiya-Türkiyə münasibətləri pik nöqtəyə yaxınlaşır: “Artıq buna nə ABŞ, nə də digər Qərb ölkələri mane ola bilir. S-400 məsələsində Ərdoğan öz prinsipiallığını hamıya göstərməyi bacardı. Amma S-400 aysberqin görünən hissəsidir. Əslində ən böyük razılaşmalar, hələ ki, su altında qalır. Bura yaxın vaxtlarda Ankaranın Rusiya istehsalı olan müasir Su-35 və Su-57 təyyarələrini əldə etməsini, Kremlin köməyilə türk kosmik proqramının başlamasını və Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həllini də əlavə etmək olar”. “Aravot”a müsahibə verən erməni ekspert Ayk Qabrielyan bununla bağlı danışarkən qeyd edib ki, Türkiyə, ABŞ tərəfindən böyük basqıya baxmayaraq, Rusiyanın maraqları çərçivəsində hərəkətini davam etdirir: “Ərdoğan və Putinin çox böyük hərbi-strateji planları var və biz yaxın vaxtlarda bunun şahidi olacağıq. Əlbəttə, bu, Türkiyə və Rusiyaya əlavə sanksiyalarla nəticələnəcək. Amma belə görünür ki, bu, Ankara və Moskvanı çox da narahat etmir. Ermənistana isə baş verənlərin mütləq təsiri olacaq. Ən azından, Qarabağ məsələsində biz yeni təzyiqlərə və savaşa hazır olmalıyıq. Ankaranın istəyi ilə Moskva bunlara, yəqin ki, yaşıl işıq yandıracaq”.
Ermənistanın “Fakt” qazeti isə yaxın tezlikdə ölkəni yeni aprel savaşının gözlədiyini yazır. Qəzet artıq Rusiyanın bu təcrübədən istifadə etdiyini bildirir, ölkə parlamentində fəaliyyət göstərən və aprel döyüşlərində Ermənistan ordusunun məğlubiyyətini araşdıran dövlət komissiyasının işi ilə bağlı bu xüsusda maraqlı məqamların ortaya çıxdığını qeyd edir. Belə ki, qəzetin yaydığı məlumatda baş nazir Nikol Paşinyanın komissiyanın növbəti iclaslarından birində aprel savaşı ilə bağlı dinləmələrdə iştirakının gözlənildiyi vurğulanır. Amma nəşrin dövlət strukturlarında çalışan etibarlı mənbələrə istinadən verdiyi məlumata əsasən, Paşinyan artıq bu məsələ ilə bağlı bir dəfə fikir bildirib:“Aprel savaşı Rusiyanın əli ilə baş tutub. Moskva buna Azərbaycanı KTMT-ya gətirmək üçün əl atıb. Aprel savaşının günahkarı Kremldir”. “Fakt” qazeti indi Türkiyə və Azərbaycanla xüsusi yaxınlıq etməyə çalışan Rusiyanın eyni addımı təkrar edə biləcəyinin Ermənistanın hakim dairələrində böyük narahatlıq yaratdığını vurğulayır.
Ermənistanın “İrates” nəşrinin də məsələyə yanaşması maraqlıdır. Qəzet yazır ki, Moskva Qarabağ məsələsində Paşinyandan istədiklərini almaq üçün ona müəyyən şərtlər qoyub və komandasında Qərbmeylli, Rusiyanın istəklərinə qarşı çıxanları hakimiyyətdən uzaqlaşdırmağı tapşırıb. Bildirilir ki, bu durumda Paşinyan kadrları haradan tapmaq olar deyə həll olunmayan bir dilemma ilə qarşılaşıb: “Bu halda parlament qüvvələrinə fürsət verilməyəcək. O, 1996-cı il seçkisi ilə bağlı Levon Ter-Petrosyanı düşünülmüş şəkildə “asfalta sərdi”. Buna görə də boş vəzifələr, xüsusən də MTX rəhbəri və polis rəisi vəzifələri ilə bağlı Paşinyanın daim Rusiyanın “gözlərinə” baxmalı olduğu bildirilir. Üstəlik, Rusiya çoxdan Milli Təhlükəsizlik Şurası katibini əvəz etmək şərti qoyub. MTX-də ana Rusiyanın qəzəbini oyatmayacaq bir adam olmalıdır. Eyni zamanda, Rusiya baş nazirin birinci müavininin onun ürəyincə olan şəxslərdən birinin olmasını istəyir”. Qeyd olunur ki, Paşinyan dalana dirənmiş vəziyyətdədir. Bildirilir ki, Moskva Ermənistanda istədiyi komandanı formalaşdırdıqdan sonra Qafqazın geosiyasi mənzərəsinin yenidən qurulmasında Ermənistandan fəal istifadə edəcək: “Bu zaman Qarabağ məsələsində Azərbaycanın istəklərinin nəzərə alınması ön plana çıxacaq. Çünki Türkiyə və Azərbaycan faktorlarının Rusiya üzərində təsiri artır. Moskva öz niyyətlərinə çatmaq üçün bu iki ölkə ilə sıx işbirliyi qurur. Təbii ki, bu durumda Azərbaycan Qarabağ istəklərini ön plana çıxarır".
Yaranmış vəziyyətdə Rusiyanın özündə də Qarabağ məsələsi ilə bağlı maraqlı fikirlər səslənir. Məsələn, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev bildirir ki, Azərbaycanın əlində Ermənistana qarşı tutarlı əsas var və Dağlıq Qarabağ münaqişəsinin həllini məhz ondan başlamaq lazımdır: birinci növbədə mübahisə predmeti olmayan Azərbaycanın yeddi rayonunun işğaldan azad edilməsi məsələsini qaldırmaq lazımdır. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağla bağlı “mübahisəli ərazi” terminindən istifadə olunursa, o zaman Ermənistan tərəfinin ətrafdakı 7 rayonu əlində tutması işğaldır və bu faktı əsas kimi istifadə etmək lazımdır: “Düzgün yanaşmanı tapmaq vacibdir. Ermənistanın özünün də qəbul etdiyi faktlar irəli sürülməlidir. Söhbət Ermənistanın işğal etdiyi və heç vaxt Dağlıq Qarabağın “mübahisəli ərazilərinə” daxil olmamış Azərbaycanın yeddi rayonundan gedir”.
Perenciyev vurğulayıb ki, bu problem ətrafında müzakirələr aparılarkən dərhal Ermənistanın Azərbaycanın bu yeddi rayonunun işğal faktı barədə danışır və onun həmsöhbətləri düşünürlər ki, Ermənistan bu torpaqları işğal edibsə, onda çox güman ki, Dağlıq Qarabağ da təcavüzə məruz qalıb: ”Bu yeddi rayonun Azərbaycana məxsus olması haqda Ermənistan tərəfinin imzaladığı həqiqi sənədlər var və onlar şəkk-şübhəsiz bu torpaqları azad etməlidir. Bundan başlamaq lazımdır. Bütün dünyaya ermənilərin işğalçı siyasətini ifşa etmək və sonra Qarabağın azad edilməsini tələb etmək lazımdır”. Perenciyev əmindir ki, bu istiqamətdə fəaliyyət göstərilsə, 2020-ci ilin ikinci yarısında Dağlıq Qarabağın da işğaldan azad olunmasını gözləmək olar”. Ermənistanda hesab edilir ki, Rusiyada belə təkliflərin indi gündəmə gəlməsi təsadüfi deyil və Kremlin yeni geosiyasi maraqlarına hesablanmış yanaşmadır. Bildirilir ki, Paşinyan indiki vəziyyətdə Rusiyanın geosiyasi maraqlarından irəli gələn tələbləri yerinə yetirmək məcburiyyətindədir. Əks təqdirdə onu hakimiyyətdən devrilmə təhlükəsi gözləyir. Bunun üçün ”Qarabağ klanı” var və bu klanın təhdidləri də artır. “1in.am” saytı yazır ki, həmin klanın əsas təmsilçilərindən biri olan Vitali Balasanyan artıq bütün sərhədləri keçərək Paşinyana qarşı sərt mövqe sərgiləyir: Sayt Balasanyanın “vəzifə“sindən Ermənistan hakimiyyətinə qarşı daha sərt mövqe tutmaq üçün istefa verdiyini yazır: “Balasanyan “vəzifəsində“ olarkən daha nəzarət olunan və müəyyən edilə bilən idi. Xankəndiyə qarşı siyasi və administrativ resurslarla hər şeydən öncə onun təhlükə səviyyəsini məhdudlaşdırmaq mümkün olurdu. İndi o, idarəolunmaz və qeyri-müəyyəndir. Balasanyan Serj Sarkisyanın “ağır artilleriyası”dır.
”Qarabağ klanı”na yaxınlaşan fiqurlardan biri də Artur Vanetsyandır. Vanetsyan Paşinyan komandasında olanda çalışırdı ki, “kölgə komanda” və özü üçün sərfəli olan siyasi gündəm yaratsın. Bəzi fikirlər var ki, o, keçmiş rejim nümayəndələri, xüsusilə də Sarkisyanın kürəkəni Mikayıl Minasyanla əlaqə qurmağa cəhd edib. Bütün ehtimallara rəğmən, bir müddət əvvəl general olan çekist Paşinyan rejimini devirməyə və hakimiyyəti öz əlində toplamağa cəhd edib. Vanetsyanın, göründüyü kimi, ciddi siyasi ambisiyaları var və o, hansısa formada heç nə qarşısında dayanmayacaq. Balasanyan və Vanetsyan hansısa satılmış jurnalist və ya təqaüdçülərdən ibarət Vazgen Manukyanın “Vernatun”u deyil. Biz ciddi hərbi yol keçən və ciddi çekist təcrübəsinə, böyük resurslara malik komandirlərlə üz-üzəyik. Onlar müəyyən insan qruplarını və gündəmi konsolidasiya etmək gücündədirlər. İndi bu komanda Rusiyadan da dəstək almağa çalışır. Buna nail olsalar, Paşinyan üçün olduqca gərgin bir dövr başlanacaq. Paşinyan ona qarşı çıxanları neytrallaşdıra bilmək üçün əlavə dəstəyə ehtiyac duyur. İndiki halda bu dəstəyi ona yalnız Rusiya və buradakı erməni diasporu verə bilər. Amma təbii ki, belə vəziyyətdə Rusiyanın müəyyən şərtləri olacaq. Onlar çoxdur və artıq bəllidir ki, bunun içində Qarabağ məsələsi də var. Moskva Dağlıq Qarabağ ətrafında bir neçə rayonun Azərbaycana qayıtmasını istəyir. Bu halda Rusiya Azərbaycanı görmək istədiyi təşkilatlarda görə biləcəyini düşünür. Bakı da proseslərin bu səpkidə inkiaşfını yaxından izləyir və hadisələri öz marağına uyğunlaşdırmağa çalışır”.
Bütün bu qeyd edilənlər həqiqətən də yaxın tezlikdə Qarabağ məsələsində müəyyən yeniliklərin olmasını istisna etmir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.