Ermənistan Gürcüstanın Batumi limanını almaq istəyir. Bu barədə Ermənistanın “Jamanak” qəzeti məlumat yayıb. Qeyd olunub ki, qiyməti 600 milyon dollar olan limanı almaqla rəsmi İrəvan ölkəyə yüklərin maneəsiz gətirilməsinə nail olmağı hədəfləyib.
Məlumata görə, Ermənistanın fərqli dairələri limanı almaq üçün vəsait toplayırlar: “Səhmdar cəmiyyət yaradılması ideyası müzakirə edilir. Diasporun biznesmenləri bunun bir hissəsi ola bilərlər, amma bunun üçün kimsə ilk böyük kapital qoymalıdır. Bu isə hələlik yoxdur”.
O da məlum olub ki, limanın alınması üçün Nikol Paşinyan hökuməti aktiv fəaliyyətə keçib və bununla bağlı pul mənbəyi axtarılır. Ermənistan parlamentinin Regional məsələlər və Avrasiya inteqrasiya məsələləri komissiyasının sədri Mikayıl Melkumyan informasiyanı dolayısı yolla təsdiq edib. Melkumyan Ermənistanın Poti və ya Batumidə bir terminal alması gərəkliyini söyləyib. O, Qara dənizdə daşımalar üçün iki bərə alınmasıyla bağlı danışıqların aparıldığını bildirib.
Qeyd edək ki, hazırda Batumi limanı Qazaxıstanın “Kazumnayqaz” dövlət şirkətinə məxsusdur. Ermənistana idxal olunan məhsulların 60 faizə qədəri Batumi və Poti limanlarından gətirilir.
Maraqlıdır, Ermənistan hazırkı iqtisadi şəraitdə sözügedən limanın alınması ilə bağlı 600 milyon dollar tapa bilərmi? Digər tərəfdən, Gürcüstanın limanı Ermənistana satmaqda maraqlı olacağı nə dərəcədə realdır?
“Çox güman ki, Paşinyan bununla bağlı erməni lobbisindən tutmuş, müxtəlif dairələrdən pul dilənməyə başlayacaq”
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin fikrincə, Ermənistanın belə bir istəklə çıxış etməsi təsadüfi deyil: “Məlum olduğu kimi, Ermənistanın açıq dənizə çıxışı yoxdur. Rusiyadan və Avropadan gələn yüklər əsasən Gürcüstan vasitəsilə ölkəyə çatdırılır. Xüsusən də Avropa ölkələrindən dəniz yolu ilə gətirilən yüklər Poti və Batumi limanlarına yönəldilir. Həmin limanlardan da yüklər Ermənistana iritonnajlı yük avtomobilləri ilə gətirilir. Abxaziya münaqişəsi ilə əlaqədar Gürcüstan-Ermənistan dəmir yolu işləmir. Bu səbəbdən yük daşımaları əsasən sözügedən nəqliyyat vasitələri ilə həyata keçirilir. Ermənistanın Batumi limanını almaq istəyi bu ölkənin maraqlarına cavab verir. Ancaq Ermənistanın iqtisadi baxımdan bu vəsaiti ödəmək imkanı yoxdur. Çünki 600 milyon dollar Ermənistan üçün kifayət qədər böyük məbləğdir. Gələn il Ermənistanın dövlət büdcəsi xərclərlə birlikdə 3,8 milyard dollar təşkil edəcək. O üzdən, Ermənistanın limanı almaq imkanı yoxdur. Ancaq çox güman ki, Paşinyan bununla bağlı növbəti dilənçilik kampaniyasına start verəcək. Erməni lobbisindən tutmuş, müxtəlif dairələrdən pul dilənməyə başlayacaq. Bundan həm də müəyyən siyasi dividendlər əldə etməyə çalışacaq. Gürcüstanın hazırkı hakimiyyətinin limanı Ermənistana satmaqda nə dərəcədə maraqlı olduğunu indidən demək çətindir. Ancaq nəzərə almaq lazımdır ki, mövcud hakimiyyətin Ermənistanla münasibətləri Saakaşvili hakimiyyəti ilə müqayisədə daha yaxındır. Bu baxımdan, rəsmi Tiflis də bunda maraqlı ola bilər”.
Vidadi ORDAHALLI