Azərbaycanın artan iqtisadi imkanları, dünya miqyasında getdikcə daha böyük nüfuz sahibinə çevrilməsi onunla əməkdaşlıqda maraqlı olan dövlətlərin də say artımına təsirsiz ötüşmür. Elə Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəmizə səfərinə də bu fonda yanaşmaq mümkündür.
Səfərin nəticələrindən və əldə edilən razılıqlardan belə görünür ki, Ukrayna Azərbaycanla əməkdaşlığını sıxlaşdırmağı düşünür. Bu, ilk növbədə iqtisadi və energetika sahəsini əhatə edir. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev qeyd edir ki, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, birgə sərmayə qoyuluşu layihələri böyük maraq doğurur: “Energetika sahəsində əməkdaşlıq müzakirə edildi. SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası vardır. Biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaqdır... Həm Ukraynada, həm Azərbaycanda nəqliyyat sahəsində müasir logistika və infrastruktur mövcuddur. Xəzər dənizi, Qara dəniz nəqliyyat dəhlizləri bizim ölkəmizin iştirakı ilə fəaliyyət göstərir. Artıq “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçməklə geniş beynəlxalq əməkdaşlığa da təkan verir, əməkdaşlıq üçün yeni imkanlar açır. Ona görə bu sahədə birgə səylərlə reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tiflis-Qars dəmir yolu, “Vikinq” layihəsi – bütün bu layihələr bizim ölkələrimizi və geniş mənada regional əməkdaşlığı daha da möhkəmləndirəcək, ölkələrimizə fayda verəcəkdir”.
Ukrayna tərəfi də iqtisadiyyat, energetika sahəsində Azərbaycanla əməkdaşlıqda indi xüsusi maraqlı tərəf kimi çıxış etdyini vurğulayır. Zelenski bu xüsusda bildirir: “Cənub Qaz Dəhlizi” layihəsi bizim ölkəmiz tərəfindən xüsusi izlənilir. Xüsusilə də hesab edirəm ki, bizim - həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var. Biz belə qərara gəldik ki, nəqliyyat və aviasiya daşımaları sahələrində də təmaslarımızı, əməkdaşlığımızı gücləndirək. Aerokosmik sahədə əməkdaşlığa xüsusi diqqət yetirilmişdir. Müxtəlif sahələrdə, təyyarə istehsalı sahəsində, o cümlədən humanitar sahədə də məsələləri müzakirə etdik”.
Ukrayna Analitik Mərkəzinin direktoru Aleksandr Oxrimenko bildirir ki, qarşılıqlı əməkdaşlğın dərinləşməsinin hər iki ölkə üçün böyük əhəmiyyəti var: "Rəsmi Kiyev Ukraynanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə Bakı ilə enerji sahəsindəki əməkdaşlığın genişləndirilməsində maraqlıdır". Onun sözlərinə görə, Ukrayna ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin əsas komponenti energetika sektorudur: "Azərbaycanda neft, Ukraynada isə neft emalı zavodları var. Ukrayna və Azərbaycan iqtisadiyyatları üçün neftin Azərbaycandan Ukraynaya çatdırılması, burada neft məhsullarının emal edilməsi və bir hissəsinin Ukraynada satılması faydalı olardı". Ekspert hesab edir ki, Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi Ukraynaya enerji bazarındakı maraqlarını qorumağa imkan verəcək: "Bundan əlavə, Ukraynanın Avropa İttifaqı ilə assosiasiya sazişi var və Azərbaycan neftindən istehsal olunan benzini rüsumsuz ora tədarük edə bilərik". O həmçinin qeyd edib ki, Ukrayna Azərbaycan neftini inşası tamamlanmış Odessa-Brodı boru kəməri ilə də xarici bazarlara çıxara bilər və bu, hər iki ölkə üçün faydalı olar. Ukraynalı ekspert vurğulayıb ki, Ukraynadan Azərbaycana "An" təyyarələrinin tədarükü üzrə maraqlı layihə də var: "Özü də bu təyyarələr azərbaycanlı pilotlara yaxşı tanışdır və digər modellərə nisbətən onlardan istifadə etmək daha asandır". Əməkdaşlığın siyasi komponenti barədə danışan A.Oxrimenko hər iki tərəfin bir-birini dəstəklədiyini və bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını, bunun da Azərbaycan və Ukraynanı yaxınlaşdırdığını vurğulayıb.
Digər ekspertlər də bildirir ki, Ukrayanın Azərbaycanla indiki şəraitdə daha çox yaxınlaşmaq istəyi təbiidir. Azərbaycanın bu ölkə ilə iqtisadi əməkdaşılğını dərinləşdirməsi Kiyevin bundan sonra daha sıx şəkildə Bakı ilə işbirliyinə rəvac verə bilər. Belə vəziyyətdə Ukraynanın Azərbaycana hərtərəfli dəstəyinin artması da mümkündür. Xüsusən də Qarabağ məsələsində. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Kiyev mütəmadi olaraq Ermənistanın Qarabağ siyasətini tənqid edir. Bundan əlavə, rəsmən açıqlanmasa da, tərəflər arasında hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsini gözləmək olar. Xatırladaq ki, Azərbaycan Ukraynadan indiyə qədər böyük həcmdə hərbi texnika alıb. Məsələ ilə bağlı elə bu günlərdə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də maraqlı açıqlamalar verib: "Ukrayna və Azərbaycan arasında hərbi texniki sahədə əməkdaşlıq sıx və müntəzəm şəkildə müzakirə olunur. Ukraynada hərbi texniki sahədə istehsal olunan Azərbaycan məhsullarına tələbat var". O xatırladıb ki, Ukrayna məhsullarına Azərbaycan bazarında da tələbat var: "Ukrayna istehsalı olan hərbi məhsullar yalnız poliqonlarda deyil, həm də real döyüş şəraitində test edilib".
Qeyd edək ki, Azərbaycan və Ukrayna hələ ötən əsrin 90-cı illərindən hərbi və hərbi-texniki sahələrdə çox sıx əməkdaşlıq ediblər. 2013-cü ilədək rəsmi Kiyev Azərbaycanın əsas hərbi tərəfdaşlarının ilk üçlüyündə qərarlaşıb. 20 illik zaman kəsiyində Azərbaycan Silahlı Qüvvələrinin və güc strukturlarının ehtiyaclarının qarşılanması məqsədilə Ukrayna ilə dəyəri bir neçə milyard dollardan çox olan müqavilələr bağlanıb, Azərbaycanın hərbi sifarişlərində Ukrayna 1992-2012-ci illərdə ilk yerdə dayanıb. Həmin dövrdə Azərbaycan Ukraynadan döyüş tankları, hərbi təyyarələr, helikopterlər, özüyeriyən artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri və digər silah-sursat alıb. Digər tərəfdən nəzərə alaq ki, Ukrayna hələ də bir çox sahələrdə bu gün də dünyada liderliyini qoruyub saxlayıb. Onlardan biri də mühərriklərin istehsalıdır. Bura həm gəmi, həm aviasiya, həm də hərbi texnika mühərrikləri daxildir. Bu sahədə Ukrayna keçmiş sovet, Rusiya və Ukrayna təyyarələri, helikopterlərinin istifadə edildiyi coğrafiyada şəriksiz liderdir. Hesab edilir ki, mühərrik təminatı məsələsində Ukrayna Azərbaycanla əməkdaşlıq edə bilər və bu sahədə böyük potensial var. Elə Ukrayna prezidentinin də bu məsələyə toxunması qeyd edilən istiqamətdə sıx əməkdaşlığın qurulacağını deməyə əsas verir. Ukraynanın təyyarə və helikopterlərin modernləşdirilməsində imkanları genişdir, həm də bu ölkənin bu texnikaları sertifikatlaşdırmaq icazələri var. Azərbaycanın istifadəsində olan döyüş təyyarələri və helikopterlərin müəyyən qisminin modernləşdirilməsində də Kiyev iştirak edə bilər. Ukrayna müəssisələri tank, ZTR və piyada döyüş maşınlarının modernləşdirilməsində köklü təcrübəyə malikdir. Hazırda Ukrayna hərbi müəssisələri Azərbaycanla əlaqələri genişləndirmək istiqamətində ciddi səylər göstərir:"Həm "Ukroboronprom" Dövlət Konserni, həm də özəl sektor sənaye şirkətləri Azərbaycan bazarında yer almaq üçün imkanları araşdırır. Bu məsələyə Ermənistanın Ukraynadakı diasporu ciddi etiraz etsə də, artıq Ukraynada onları heç kim eşitmir.
Tahir TAĞIYEV