Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan rəsmiləri arasında baş tutan son danışıqlar ətrafında işğalçı ölkədə bir ajiotaj yaranması aydın müşahidə olunur. Belə görünür ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 4-də Bratislavada keçirilən 4 saatlıq görüşü İrəvanda hələ uzun müddət ciddi müzakirə predmeti olaraq qalacaq.
Xüsusən də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan tərəfinin “Lavrov planı”nı təqdim etməsi ilə bağlı son fikirləri ətrafında işğalçı ölkədə başlanan müzakirələr bunu kifayət qədər aydın nümayiş etdirir. Xüsusən də bu plan əsasında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının maraqlı tərəf kimi danışıqlar prosesinə mümkün cəlbi düşmən ölkədə böyük narahatlıq və gərginlik yaradıb.
Belə bəlli olur ki, Bratislavada “Lavrov planı” ətrafında müzakirələr olub. Həmin plan isə zəbt edilmiş ərazilərin tədricən Azərbaycana qaytarılmasını özündə ehtiva edir. Azərbaycan tərəfi bu xüsusda açıqlama versə də, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bununla bağlı susub. Əvəzində onun sözçüsü Anna Nağdalyan “masada konkret olaraq heç bir sənədin müzakirə edilmədiyini” açıqlayıb. Lakin əsas sual nazirlərin 4 saata yaxın müddətdə nəyi müzakirə etməsidir. Ermənistanda narahatlıq yaradan məqam da budur. Ermənstanın “Qraparak” nəşri bu xüsusda yazır: “Danışıqlarda proseslər heç də Ermənistanın lehinə deyil. Ermənilər emosional millətdir, bəzən emosiyalarımız bizə ağıllı və müdrik qərarlar qəbul etməyə imkan vermir”. Qeyd olunur ki, baş nazir Nikol Paşinyan Qarabağda anlaşılmaz məqsədlə təşkil olunmuş mitinqdə alovlu çıxış etdikdə, hamı onun “Qarabağ Ermənistandır, vəssalam” çıxışından təsirləndi: “Lakin günlər keçdi və məlum oldu ki, emosional, qulağa xoş gələn bəyanat diplomatik səhv imiş. Bu barədə Rusiya və Azərbaycan xarici işlər nazirləri də danışıb. Erməni tərəfi öz nazirinin dili ilə Qarabağın “müstəqilliyi” barədə danışırsa, baş nazir də “Qarabağ Ermənistandır, vəssalam” deyirsə, onda Paşinyan nəyin ətrafında danışıq aparıb? Deməli, onların dediyi sadəcə quru sözlərdir. Real proses başqadır”. “Adekvat” müxalif ictimai birliyinin rəhbəri Artur Danielyan bildirib ki, Azərbaycanın istəyi əsasında artıq Nikol Paşinyan Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakına müsbət yanaşır: “Bu onu deməyə əsas verir ki, münaqişənin həlli ilə bağlı proseslər gedir, lakin bunu ictimaiyyətdən gizlədirlər, əvəzində müxtəlif manipulyasiyalarla ictimai fikri yanlış yerə yönəldirlər. Hesab edirəm ki, hakimiyyət Ermənistanın əleyhinə olan razılaşmaya gedəcək. Bu proseslə bağlı uzun müddətdir mediada təbliğat aparılır. Əslində, Paşinyan Qarabağın danışıqlarda iştirakı qarşılığında Qarabağın azərbaycanlı icmasının cəlb olunmasına razılıq verib və onu legitimləşdirib. Bütün bunları gizlətmək üçün həm şəxsən Paşinyan, həm Ermənistan Xarici İşlər Nazirliyi, həm də xarici agentlik şəbəkəsi böyük və nəticəsiz səylər göstərdi. Ermənistan vətəndaşları artıq Nikolun kimin əlinin işi olduğunu başa düşməyə başlayırlar, onlar həmçinin bunun məqsədinin nə olduğunu anlamağa başlayırlar. Əlbəttə, hazırda hər şey öz ssenarisi ilə gedir. Nikol öz “bacarıqlı” məsləhətçilərinin köməyi ilə axmaq-axmaq danışaraq Azərbaycana beynəlxalq ictimaiyyətə daha bir dəfə çıxmaq imkanı verir”. Respublika Partiyasının nümayəndəsi Armen Aşotyan qeyd edir ki, mövcud hakimiyyət qəsdən belə addımlar atır: “Bu gün iddia edirlər ki, danışıqların məzmunu və itkilər bizdən “miras” qalıb. Xeyr, bu əvvəllər də belə idi. Bu gün Ermənistanın siyasi səhnəsində disbalans böyük problemdir. Paşinyan güclü müxalifət olmadığı üçün əlverişsiz danışıqlardan imtina etmir. Bu məsələnin həlli üçün növbədənkənar parlament seçkiləri keçirmək lazımdır”. Digər erməni politoloq Ervand Bozoyan isə məsələ ilə bağlı “Sputnik Armeniya” portalına bildirib: "Qarabağ məsələsində heç bir əhəmiyyətli şey baş vermədi. Müxalifət hakimiyyəti "torpağı verməkdə" ittiham edirdi və əksinə, hakimiyyət dəyişikliyindən sonra əvvəlkilər bunda yeni rəhbərliyi günahlandırır. Bu, Qarabağın hesabına xal qazanmağa çalışdıqları köhnə erməni uşaq oyununu xatırladır”.
Politoloqun fikrincə, Ermənistanda insanların çoxu bu oyunun ətalətlə davam etdiyini və reallıqla heç bir əlaqəsinin olmadığını başa düşür: "Hər kəs, o cümlədən vasitəçilər başa düşürlər ki, bu mərhələdə ortaq məxrəc tapmaq, demək olar ki, mümkün deyil. Nə qalır? Danışıq üçün danışıq aparmaq? İstənilən müharibə mövcud “soyuq” sülhdən daha pisdir. İkincisi, tərəflərin gələcəkdə bu və ya digər qərara nə dərəcədə hazır olduqlarını tədqiq etmək. Həmsədrləri maraqlandıran məhz budur. Ermənistanın yeni hakimiyyəti sıfırdan başlayacaqlarını, cəmiyyətin gözündə xal qazanmağa çalışdıqlarını söyləyirsə, bu müəyyən bir təhlükə yaradır.
Ermənistanın yeni hakimiyyətinin həyata keçirilməyən və uzağı görməyən bəyanatları daxildə müsbət qarşılandı, ancaq xarici aləmdə dağıdıcı təsir bağışladı. Daha sonra Paşinyan bildirdi ki, həll yolu Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. Bu cür uyğunsuzluq təkcə baş nazirin özünə deyil, bütövlükdə Ermənistana olan münasibətə təsir göstərir. Məhz belə vəziyyətdə Azərbaycan Qarabağın Azərbaycan icmasını yenidən hərəkətə gətirməyə çalışır. Ermənistan hakimiyyəti, əlbəttə ki, bunu istəmir. Ancaq peşəkar olmayan hərəkətlər və bəyanatlar buna aparır. Gələcəkdə yeni belə bir-birinə zidd bəyanatların ortaya çıxması Azərbaycanın mövqeyini gücləndirəcək... Və ya Bakı tərəfindən blitskriq cəhdi halında ona mümkün xarici təzyiqi azalda bilər. Məhz belə vəziyyətdə gündə biri durub bir “sərsəmləmə” danışır, media sahəsi bunu müzakirə etməyə başlayır, Qarabağın son danışıqlar məsələsi, Qarabağın azərbaycanlı icması ideyasını erməni sahəsinə daxil etmək, baş verən geosiyasi tendensiyalar və iqtisadi problemlər müzakirə olunmur. Biz Azərbaycana uduzuruq".
Qeyd edək ki, Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyası sədrinin müavini, “Mənim addımım” fraksiyasının deputatı Ovhanes İgidyan jurnalistlərlə görüşərkən qeyd edib ki, Paşinyan danışıqlara Azərbaycan prezidenti ilə birgə Qarabağın azərbaycanlı icmasını təmsil edən şəxslərin də gəlməsində bir problem görmür. Düzdür, Paşinyanın bu mövqeyi Ermənistanda sərt tənqid hədəfinə çevrilsə də, əslində hüquqi cəhətdən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının prosesdə iştirakı tamamilə qanuni və zəruridir. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bunu belə izah edir: "Birinci, 24 mart 1992-ci il tarixində ATƏT-in Helsinki Nazirlər Şurasının sənədində əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki, yəni erməni və azərbaycanlı icmalarını nəzərdə tutur və onlar maraqlı tərəflər qismində qeyd olunur. Bu sənəddə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir. İkinci, 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qanunsuz qərar qəbul etdikdən sonra 10 yanvar 1990-cı il tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin “qərarlarının” SSRİ Konstitusiyasına uyğun olmamasını qeyd edərək, Ermənistanın Dağlıq Qarabağa yönəlik qanunsuz ərazi iddialarına son qoyur. Üçüncü, BMT, digər beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ermənistan tərəfinə ATƏT-in Minsk Qrupunun həmsəsrlərinin bəyanatlarını və müvafiq sənədləri öyrənməyi tövsiyə edirəm". Gəncəliyev bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı işğal siyasətinə son qoyarsa, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlının mövcudluğunu inkar etməzsə, iki icmanın bərabərhüquqlu icmalar olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamasına mane olmazsa, münaqişənin həlli mümkün ola bilər.
Yaranmış vəziyyətdə Ermənistanda hesab olunur ki, Azərbaycan tərəfi istəyinə mütləq şəkildə çatacaq. Dağlıq Qarabağda qanunsuz yaradılmış qondarma rejimin təmsilçilərindən biri olan Vitali Balasanyan bu xüsusda bildirir: “Nikol Paşinyan bəzən absurd, bir-birini təkzib edən fikirlərlə çıxış edir. O gah deyir ki, “Qarabağ Ermənistandır”, gah da deyir “Qarabağ üçüncü tərəf kimi danışıqlarda iştirak etməlidir”. Bunun təzahürü cari il dekabrın 10-da Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədr müavini, “Mənim Addımım” fraksiyasının deputatı Ovhannes İgidyanın dili ilə ictimailəşdi. Sonuncu bildirdi ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həll danışıqlarında Dağlıq Qarabağın azərbaycanlı icması nümayəndələrinin Azərbaycan prezidenti ilə birlikdə gəlməsinə qarşı deyil. Belə vəziyyətdə Paşinyanın ümumiyyətlə nə etmək istədiyini başa düşmək olmur. Hazırda bütün proseslər Bakının ssenarisinə uyğun gerçəkləşir. Paşinyanın Azərbaycan hakimiyyəti qarşısında acizliyi artıq açıq-aydın görünür. Belə getsə, mən və mənim ardımca gedəcək insanlar rəsmi İrəvana qarşı çıxacağıq”.
Qeyd edilənlər bir daha son Qarabağ danışıqlarının Ermənistanda hansı effekt yaratdığını aydın nümayiş etdirir və proseslərin Azərbaycanın maraqları çərçivəsində cərəyan etdiyini göstərir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.