“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, son günlər Ermənistan hakimiyyətinin nümayəndələri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların guya heç vaxt yaşamadığı və bölgədə iki icmanın mövcud olmadığı haqqında əsası olmayan fikirlər səsləndirirlər: “Azərbaycanın torpaqlarını işğal edən, Xocalı soyqırımını törədən, işğal altındakı ərazilərdə xalqımıza məxsus mədəni, dini, tarixi abidələri məhv edən Ermənistanın ayrıseçkilik (aparteid) siyasəti aparması bu ölkənin illərdir həyata keçirdiyi ideologiyanın təzahürüdür".
Tural Gəncəliyev sonra Azərbaycan icmasının Dağlıq Qarabağda nə vaxtdan və necə yaşaması ilə bağlı ətarflı izahat verib. Təbii ki, Dağlıq Qarabağda azərbaycanlı icmasının olmadığını iddia etmək ermənilərin növbəti abırsızlığı sayıla bilər. Bütün dünyaya bəllidir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və orada azərbaycanlıların yaşayıb-yaşamaması müzakirə mövzusu ola bilməz. Belə olan təqdirdə Tural Gəncəliyevin ermənilərin sərsəm iddiasına ətraflı izahat verməsinə bir zərurət varmı?
Akif Nağı: “Biz həmin sərsəm iddiaları cavabsız qoyanda...”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Tural Gəncəliyevin mövzuya ətraflı izahat verməsinə normal yanaşır: “Çünki Ermənistanın bütün rəsmiləri ağ yalan danışmaqla məşğuldurlar. Biz də həmin sərsəm iddiaları cavabsız qoyanda olmur. Paşinyan xaricdəki son çıxışlarından birində dedi ki, guya Azərbaycandan erməniləri böyük vəhşiliklə çıxarıblar, amma Ermənistandan çıxarılan azərbaycanlıların birinin də burnu qanamayıb. Bilirsiniz ki, azərbaycanlıların oradan hansı vəhşiliklə çıxarılmasını təsdiq edən çoxlu sayda sübut və dəlillər var. Hətta beynəlxalq təşkilatlara da məlumdur ki, oradan çıxarılanda neçə azərbaycanlı qətlə yetirilib. Bu baxımdan da ermənilərin bütün iddiaları cavabsız qalmamalıdır. 1989-cu ildə orada siyahıyaalma keçirilib. Həmin nəticələrdə ermənilər süni şəkildə rəqəmləri saxtalaşdırıblar. Orada yaşamayanları da qeydiyyata salmışdılar. Hətta həmin saxtalaşmaya rəğmən, sənəddə 40 min azərbaycanlının yaşadığı bildirilir. Amma orada 50-60 mindən artıq erməninin yaşamadığı halda, onlar bu rəqəmi çox şişirdirlər. Hazırda isə 80 min azərbaycanlı Dağlıq Qarabağdan qovulmuş sayılır. Faktiki olaraq, azərbaycanlıların sayı onları üstələyir. Bunların hamısı deyilməlidir. Son vaxtlar Qarabağın azərbaycanlı icması çox fəallaşıb. Ötən həftə Avropa parlamentinin 751 deputatına Dağlıq Qarabağdakı demoqrafik vəziyyətlə bağlı ətraflı məktub göndərdilər. Bu baxımdan da onların fəaliyyətini, cavablarını yerində sayıram”.
Məhəmmədəli QƏRİBLİ