“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycandan deputatlığa namizəd olan bəzi şəxslərin ona müraciət edərək, yardım istədiklərini bəyan edib: “Son günlər 5-6 nəfər adam dayanmadan mənə zəng edir ki, bizi dəstəkləyin, bizə Milli Məclisə seçkilərdə kömək olun və s. Əzizlərim, nə qədər demək olar ki, məni bu siyasətə, siyasi oyunlara qatmayın. Sizə dəstək də, sizə kömək də məndən yox, xalqdan, seçicilərdən gəlməlidir”.
M.Mənsimov qeyd edib ki, həmin insanlar rüşvətlə, pulla, tapşırıqla deputatlıq mandatı qazansalar, əvvəlkilərdən heç bir fərqləri olmayacaq: “Millətin vəkili özünün yox, ilk növbədə və hər şeydən əvvəl millətin gələcəyini düşünməlidir. Bunu birdəfəlik beyinlərinizə həkk edin. Şəxsi gələcəyini, öz ailəsinin firavanlığını seçicilərinin sosial-iqtisadi durumundan üstün tutan deputatlar yenə də xalqının, millətinin düşməni olacaqlar. Bunu çəkinmədən, açıq şəkildə bəyan edirəm. Deputatlığa namizədliyini irəli sürmək hələ o demək deyil ki, sizin qarşınızda dayanan vəzifələri, problemləri layiqli şəkildə həll edə biləcəksiniz. Buna hər şeydən əvvəl mənəvi cəhətdən hazır olmalısınız, çünki təcrübə göstərir ki, “millət vəkili” mandatı alanlar sırasında yaltaqlıq və məddahlıq edərək boğazlarına qədər rüşvət və korrupsiya cinayətlərinin içində boğulanlar var. Belələri seçicilərin onlara verdikləri, bəziləri isə pulla aldıqları səlahiyyətlərdən sui-istifadə edərək özlərindən başqa heç kimi fikirləşməyiblər və bu indi də belədir. Ona görə tövsiyəm odur ki, sələflərinizə heç bənzəməyin: nə seçicilərinizlə davranışınızda, nə də onların ac-gözlüyündə. Gözəl, savadlı, bacarıqlı, zəhmətkeş xalqım 2020-cu il fevralın 9-da tamamilə fərqli Milli Məclis formalaşdıra bilər. Bu, xalqımın, millətimin, mənim hüququmdur. Əlbəttə, mən də qeydiyyatda olduğum, “vosmoy” kimi tanınan 8-ci kilometr ərazisində deputatlığa namizədliyini irəli sürən şəxslərlə bağlı öz seçimimi edəcəm. 9 fevral seçkilərinə dəstəyim yalnız və yalnız bundan ibarət olacaq. Başqa dairələrdən namizədləri onların seçiciləri dəstəkləməlidir. Bir sözlə, məndən “başqa” dəstək gözləyənlərə bir daha bildirmək istəyirəm ki, seçkilər pulla həyata keçirilən bir iş deyil. Əgər belə düşünürsünüzsə, xalqı, seçiciləri aldatmayın. Kənara çəkilin ki, təmiz, saf, milləti üçün böyük işlər görə biləcək insanlar irəli dura bilsinlər. Böyük Azərbaycan xalqı ən gözəl yaşamağa layiqdir”.
Çox maraqlı situasiya yaranıb. Bildiyimiz kimi, Mübariz Mənsimov azərbaycanlı olsa da, başqa ölkənin vətəndaşıdır. Əcnəbi vətəndaşlığı olan bir milyarderdən seçkiyə dəstək istəmək nə dərəcədə doğrudur? Nəzərə alsaq ki, ondan siyasi yox, maliyyə dəstəyi istənilə bilər, bu, həmin namizədi həm də xarici ölkə vətəndaşı qarşısında asılı duruma sala bilərmi?
Rauf Zeyni: “Xaricdən pul cəlb edib deputat olanın sabah həmin dairələrin qarşısında öhdəliyi yarana bilər ki, bu da qanunlara ziddir”
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, seçki kampaniyası bizim qanunvericiliyimizə uyğun şəkildə aparılmalıdır: “Hər bir insan üçün müvafiq şərait yaradılıb. Bu seçkilərin daha demokratik keçəcəyi ilə bağlı ümidlər artdığından, namizədlərin sayının çox olacağını təxmin etmək mümkündür. Təbii ki, onların içində layiqli olanlarla yanaşı, həmin parametrlərə cavab verməyənlər də az deyil. Onlara da kimsə seçkidə iştirak etmək niyyətlərini qadağan edə bilməz. Təbii ki, belə təsadüfi namizədlərin sırasında qanunları yaxşı bilməyənlər də az deyil. Məhz buna görədir ki, onlar gedib xaricdən vəsait axtarırlar. Sizi əmin edim ki, bəziləri isə bu kampaniyaya məhz cüzi də olsa hardansa vəsait əldə etmək üçün qoşulublar. Bilirlər ki, seçilmək şansları yoxdur, sadəcə, bu cəzbedici adla irəli düşmək istəyirlər. Kimin necə kampaniya aparması da qanunlar çərçivəsində olmalıdır. Mən inanmıram ki, hansısa ciddi namizəd belə təşəbbüs göstərsin. Çünki xaricdən pul cəlb edib deputat olanın sabah həmin dairələrin qarşısında öhdəliyi yarana bilər ki, bu da qanunlara ziddir. Mən belə niyyətləri pisləyirəm. Yalnız daxili resurslara güvənib seçki kampaniyasını aparmaq gərəkdir”.
Məhəmmədəli QƏRİBLİ