Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev partiyanın sədri Əli Kərimliyə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb. Artıq məhkəmə hazırlıq iclası da keçirilib.
A.Əliyev iddia ərizəsində Əli Kərimlinin partiyaya daxil olan ianə və digər pulları mənimsədiyini, ancaq öz nəzarətində saxladığını, bu pulları özünün, ailəsinin və xaricdə yaşayan övladlarının ərəb şeyxlərinin övladları kimi yaşamasına sərf etdiyini, yüzlərlə cəbhəçini aldatdığını, hər birindən öz şəxsi mənafeyi üçün istifadə etdiyini, antidemokratik hərəkətlərinə etiraz edənləri ləkələdiyini, böhtanlara məruz qoyduğunu və partiyadan uzaqlaşdırdığını, partiyada sərt diktatura rejimi qurduğunu bildirib, Əli Kərimlini dələduz adlandırıb.
O daha sonra Ə.Kərimlinin gəncləri də aldadaraq özünün çirkin oyunlarına qurban vermək istədiyini, bir çoxunun onun antidemokratik, qanunsuz, partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdar olduğunu, lakin bunları dilə gətirməkdən çəkindiyini qeyd edib.
A.Əliyev, həmçinin, Ə.Kərimli tərəfindən vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə imkan verilmədiyini, onun Nəzarət-Təftiş Komissiyası haqqında Əsasnamənin tələblərini kobud şəkildə pozduğunu qeyd edib və komissiyanın sədri vəzifəsini icra etməyə maneçilik törətməsinin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edib.
İndiyə qədər Ə.Kərimliyə qarşı öz partiyadaşları tərəfindən müəyyən tənqidlərin səsləndiyinin şahidi olmuşuq. Ancaq uzun müddət partiyanın mühüm strukturuna rəhbərlik etmiş və kifayət qədər fəal olan bir cəbhəçinin öz sədrini məhkəməyə verməsi halına ilk dəfədir rast gəlirik. Bu nəyin əlaməti sayıla bilər?
Qərara aldıq ki, bu məsələyə neytral bir partiya rəhbərinin mövqeyini öyrənək. Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən proseslə yaxından tanışdır: “Mən A.Əliyevi şəxsən tanımıram. Ancaq uzun müddətdir onun fəaliyyətini sosial şəbəkələrdən izləmək imkanım olub. Çox fəal, əqidəli cəbhəçi təsirini bağışlayıb. Daim onun aksiyalarda iştirak etdiyinin şahidi olmuşam. Özü də öndə gedirdi. Bunları ona görə xatırladıram ki, həmin adamın təsadüfi persona olmadığını nəzərinizə çatdıra bilim. Bundan əlavə, onun partiyada tutduğu vəzifəyə diqqət edək. Partiyanın NTK-sı çox mühüm qurumdur və qurultayda seçilir. Necə ki, partiyanın sədri qurultayda seçilir, həmin qurum da eyni olaraq qurultaydan mandat alır. Bu isə o deməkdir ki, A.Əliyev AXCP üzvlərinin böyük əksəriyyətinin səsini almış, onların rəğbətini qazanmış adam olub. Bu statusda olan şəxs həm də partiyanın daxili mətbəxinə yaxşı bələddir. Onun konkret olaraq məhkəməyə müraciət edib, partiya sədrindən maliyyə arayışları tələb etməsi də təsadüf sayıla bilməz. Görünür, partiya daxilindəki mühit ona bu imkanı verməyib. Nəticədə o məcbur qalıb ki, məsələnin hüquq müstəvisində həllinə nail olsun. Şikayətin məğzində diqqəti daha çox Ə.Kərimliyə partiyaya ayrılan pulların, verilən ianələrin hesabatının tələbi diqqəti çəkir. Zaman-zaman Ə.Kərimli bu ittihamlara məhkəmədə olmasa da, ictimai rəydə tuş gəlib. Doğrudan da əksər funksioneri heç bir yerdə işləməyən partiyanın haradan maliyyələşməsi böyük sual doğurur. Normal məhkəmə dartışması olsa, Ə.Kərimli bütün bu iddiaları cavablandırmağa borcludur. İstənilən halda, bu vəziyyət partiyanın nüfuzu üçün yaxşı nəsə vəd etmir”.
Məhəmmədəli QƏRİBLİ