Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə görə, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir.
Ancaq beşinci çağırış Milli Məclisin üzvləri arasında həm deputat statusuna, həm də ödənişli vəzifəyə sahib olan şəxslər olub, baxmayaraq ki, qanun deputatlara bəzi vəzifələri tutmağı qadağan edir. Deputatlar sahibkarlıq fəaliyyətilə məşğul ola bilməzlər. Həmçinin, deputatın icra qurumlarında, məhkəmə orqanlarında çalışması da qanunla qadağandır. Milli Məclis qanunverici hakimiyyətin bir qoludur. Ona görə də Milli Məclis deputatının fəaliyyəti qanunvericiliklə əhatə olunmalıdır. Bu və ya digər komissiyaların üzvü ola bilər. Sadəcə, bu, ödənişli vəzifə olmamalıdır. Milli Məclisin deputatı hər hansı ödənişli vəzifə tuta bilməz. Deputatın əməkhaqqı parlamentdə aldığı məvaciblə məhdudlaşmalıdır. Ancaq buraxılan parlamentdə bəzi deputatlar nəinki dövlət vəzifələrində, QHT, media rəhbəri kimi də fəaliyyət göstəriblər. Görürsən həm deputatdır, həm də hansısa səhiyyə, təhsil sahəsinə rəhbərlik edir. Bu işlərin öhdəsindən deputatın necə gəldiyinin özü sual doğurur. Bunun qanuni əsası olmadığı kimi, həm də bir mənəvi əsası da yoxdur. O baxımdan belə hallar nə dərəcədə doğrudur? Yeni parlament bu praktikaya son qoyacaqmı?
“Düzdür, qanun mətbuat rəhbərlərinə bunu qadağan etmir, amma burada bir mənəvi məsuliyyət məsələsi olmalıdır”
Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, parlament üzvlərinin əsas funksiyası, birinci növbədə, qanunvericilik təşəbbüsü ilə çıxış etmək olmalıdır: “Eyni zamanda, qanunların qəbul olunmasında iştirak etmək olmalıdır. Hər bir deputatın bir nömrəli işi ondan ibarət olmalıdır ki, seçicilərin sosial qayğılarını araşdırıb analiz etsin. Ölkədəki sosial islahatlarla bağlı öz təklif və tövsiyələrini parlamentdə verməlidir. Yoxsa, deputatın həm də eyni vaxtda hansısa icraedici işdə işləməsi, QHT və media qurumuna rəhbərlik etməsi doğru deyil. Düzdür, qanun mətbuat rəhbərlərinə bunu qadağan etmir, amma burada bir mənəvi məsuliyyət məsələsi olmalıdır. Yəni həm deputat olum, həm də digər maliyyə qaynaqları yaradan hər hansı böyük işlərlə məşğul olum, bunların bir araya sığmadığı həlledici bir məsələ kimi əsas götürülməlidir. Əsasən öz seçicisinə və ictimai rəyə hörmət edən nüfuzlu şəxslər deputat seçkilərində qələbə çaldıqda digər fəaliyyətlərini dayandırmalıdırlar. Daha çox qanunvericilik orqanında öz imkanlarını səfərbər edib xalqına xidmət etməlidirlər. Yeni parlamentdə bunun nəzərə alınıb-alınmayacağını konkret proqnozlaşdırmaq çətindir. Ancaq, əslində, nəzərə alınmalıdır”.
Vidadi ORDAHALLI