Cəmiyyətdə özlərini aparıcı sayan bir çox müxalif partiya seçkilərdə iştirak edəcəklərini bəyan ediblər. Artıq onlardan bəziləri seçkilərdə hansı namizədlərlə iştirak edəcəklərini də müəyyənləşdiriblər. Bir sıra partiyalar isə namizədlərinin adlarının açıqlanmamasını YAP-ın seçki siyahısını gözləmələri ilə izah ediblər.
Müsavat Partiyasının sədri Arif Hacılı 78 seçki dairəsindən 81 namizəd irəli sürdüklərini öz “Facebook” səhifəsində yazıb: “Namizədlərimiz içərisində siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, müxtəlif dövrlərdə hökumət və parlament üzvü, icra hakimiyyətinin başçısı olmuş siyasətçilər, professorlar, elmlər doktorları, siyasi və vicdan məhbusları, vəkillər, hüquqşünaslar, iqtisadçılar, jurnalistlər var. Bir çox dairələrdən qadınların və gənclərin namizədliyi irəli sürülüb.
Türklərin, talışların, ləzgilərin və başqa millətlərin nümayəndələrinin daxil olduğu namizədlər siyahımız regional baxımdan da, demək olar ki, bütün ölkəni əhatə edir.
Biz xalqımızın azadlığı, firavanlığı, dövlətimizin yüksəlişi, ərazilərimizin bütövlüyü, hər kəsə bərabər imkanlar uğrunda, Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət yaratmaq naminə mübarizə aparırıq. Bilirik ki, bir gün həqiqət parıldayacaq. Biz qalib gələcəyik!”.
Göründüyü kimi, Arif Hacılı namizədlərinin bütün regionları əhatə etdiyini bəyan edir. Ancaq maraqlıdır ki, onların açıqladıqları dairələrdən bir nəfər də olsun Naxçıvandan deputatlığa namizəd irəli sürülməyib. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, partiyanın Naxçıvanda yerli strukturları fəaliyyət göstərir. Belə olan təqdirdə, böyük bir ərazidən niyə Müsavat Partiyası namizəd irəli sürmür?
Qeyd edək ki, namizədlərini açıqlayan partiyalardan biri də Azərbaycan Milli İstiqlal Partiyasıdır (AMİP). AMİP Mərkəzi Şurasının 10 dekabr tarixli iclasının qərarına əsasən, 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi ilə bağlı məsələ müzakirə edilib. Namizədlərin bir neçə mərhələdə irəli sürülməsi qərara alınıb və ilkin olaraq 11 dairədən namizədlərin irəli sürülməsi təsdiqlənib. AMİP-in açıqladığı siyahıdan da görünür ki, onlar da Naxçıvandan nümayəndə irəli sürməyiblər.
Ümid Partiyasının açıqladığı siyahıda Naxçıvandakı dairələrdən cəmi bir namizəd irəli sürülüb. Bunun səbəbini nə ilə izah etmək olar?
Səxavət Soltanlı: “Bunun həm də çox maliyyə tələb etdiyini əsas gətirərək, namizədliklərini irəli sürməkdən imtina etdilər”
Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, doğrudan da partiya Naxçıvandan namizəd irəli sürməyib: “Naxçıvanda rəsmi olaraq siyasi fəaliyyətlə məşğul olmaq qadağan deyil. Ancaq bizim oradakı nümayəndələrin çoxu gəlib Bakıda yaşayırlar. Naxçıvanda bizim yerli təşkilatlar fəaliyyət göstərirlər. Biz təklif etdik, amma oradakı funksionerlər bunun həm də çox maliyyə tələb etdiyini əsas gətirərək, namizədliklərini irəli sürməkdən imtina etdilər”.
Rəşad Bayramov: “Naxçıvanda digər regionlardan fərqli olaraq, demək olar ki, bütün müxalif partiyaların yerli təşkilatları qərargahla təmin edilib”
AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, onların Naxçıvandan namizəd irəli sürməməsi heç də həmin bölgədəki mühitin sərt olması ilə bağlı deyil: “Biz kəmiyyətə yox, keyfiyyətə üstünlük vermişik. Bizim Naxçıvanda güclü yerli təşkilatlarımız var. Əvvəlki seçkilərdə oradan daim namizədlərimiz olub. Bu dəfə seçkiyə fərqli taktika ilə qatılırıq. “Bütün rayonları əhatə edək” prinsipi ilə çıxış etmirik. Həmçinin, üzvlərimizə namizədliklərini irəlü sürməklə bağlı sərbəstlik də vermişik. Naxçvandakı təşkilatlarımızdan seçkidə iştirak etmək istəyən olmadı. Bunun oradakı mühitlə qəti əlaqəsi yoxdur. Əksinə, Naxçıvanda digər regionlardan fərqli olaraq, demək olar ki, bütün müxalif partiyaların yerli təşkilatları qərargahla təmin edilib”.
Tamilla Qulami: “...partiyamızın ən aktiv fəaliyyət göstərən təşkilatıdır”
Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə bizə bildirdi ki, onların Naxçıvanda çox güclü təşkilatları var: “Demək olar ki, partiyamızın ən aktiv fəaliyyət göstərən təşkilatıdır. Oradan da iki dairədən namizəd irəli sürəcəyik”.
Məhəmmədəli QƏRİBLİ