25/09/2020 11:14
728 x 90

ATƏT komissarından Azərbaycana yeni qərəz...

Azər Həsrət: “Miyatoviçin Azərbaycanda ifadə azadlığının olmaması ilə bağlı dedikləri tamamilə absurddur”

img

“Azərbaycan ifadə azadlığı sahəsində irəliləyişə nail olmayıb”. Bu fikirlər Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Azərbaycanda ifadə azadlığının vəziyyəti, hüquqşünasların hüquqlarının pozulması və məcburi köçkünlərin hüquqlarına dair hazırladığı hesabatda öz əksini tapıb. Məruzə Avropa komissarının nümayəndə heyətinin iyulun 8-dən 12-dək Azərbaycanda keçirdiyi görüşlər əsasında yazılıb.

Bununla belə, D.Miyatoviç Azərbaycanda söz azadlığının qorunmasında az irəliləyişin əldə olunmasından təəssüflənir. Onun sözlərinə görə, guya hökuməti tənqid edən jurnalistlər və sosial şəbəkələrin fəalları mütəmadi olaraq həbs edilirlər. Onlara qarşı polisə müqavimət, xuliqanlıq, pul qoparmaq, vergidən yayınma, etnik, dini nifrət qızışdırma, vətənə xəyanət, narkotik maddə, yaxud silah saxlama ittihamları irəli sürülür.

Komissar Azərbaycan hakimiyyətini öz baxışlarına görə həbs olunan şəxslərin hamısını azadlığa buraxmağa çağırır. Guya onlarla jurnalistin, vəkilin, siyasi fəalın və insan haqları müdafiəçisinin ölkədən çıxışına qadağa qoyulub. İnsan hüquqları komissarı Azərbaycan Cinayət Məcəlləsində diffamasiyaya görə cəzanın qaldığını bildirir və diffamasiyanın dekriminallaşdırılmalı olduğunu qeyd edib.

Hesabatın tamamilə qərəzli olması ortadadır. Gör qərəzin dərəcəsinə bax ki, komissar, ümumiyyətlə, Azərbaycanda ifadə azadlığı sahəsində irəliləyişin olmadığını iddia edir. Bu isə reallıqla heç cür uzlaşmır.

  • “Sözügedən hesabat reallığı əks etdirmir”

Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, D.Miyatoviçin Azərbaycanda ifadə azadlığı ilə bağlı sərgilədiyi yanaşma tamamilə absurddur: “Mən o sənədlə tanış oldum. Açığı D.Miyatoviçin hələ də əvvəlki ampluada olması məni təəccübləndirdi. Mən onu uzun illərdir tanıyıram və şəxsən təmasda da olmuşam. Dəfələrlə müxtəlif məsələləri müzakirə etmişik. Onun Azərbaycanla bağlı yanlış fikirlərinə hər zaman reaksiya vermişəm. İndi də D.Miyatoviç iş yerini ATƏT-dən Avropa Şurasına dəyişib. AŞ-dakı vəzifəsində də Azərbaycana münasibətdə qərəzini gizlətmir. Miyatoviçin Azərbaycanda ifadə azadlığının olmaması ilə bağlı dedikləri tamamilə absurddur. Çünki Azərbaycanda ifadə azadlığı ilə bağlı heç bir problem yoxdur. Ölkədə istənilən adam, istənilən formada özünü ifadə edir və buna heç bir dövlət qurumu, təşkilat qarışmır. Bu gün Azərbaycan, əksinə, ifadə azadlığının bolluğundan əziyyət çəkir. Sosial media üzərindən nə qədər insan təhqir olunur və ümumiyyətlə, dözülməz bir şərait yaradılıb. Bu da ifadə azadlığının həddən artıq çox olmasının göstəricisidir. Ona görə də Miyatoviçin o yanaşması əsassızdır, qərəzlidir. Bu onun, ümumiyyətlə, situasiyanı yetərincə təhlil etməməsinin göstəricisidir. Miyatoviç bir neçə ay öncə Azərbaycana səfər edərək bir sıra görüşlər keçirdi. Səfəri hesabat hazırlamaqla bağlı idi. Ancaq onun geniş çevrələrlə görüşlərə meyl etməsi müşahidə olunmadı. Onda şübhələndim ki, Miyatoviçin hazırlayacağı hesabat qərəzli və naşı olacaq. Ona görə də sözügedən hesabat reallığı əks etdirmir”.

Vidadi ORDAHALLI

Son xəbərlər