22/02/2020 12:14
728 x 90

Müsavatın seçkiyə qatılmasında Milli Şuranı ciddi narahat edən məqamlar...

Elçin Mirzəbəyli: “Bu, Müsavatın radikal düşərgədə bir pillə önə çıxması üçün zəmin yaradan amildir”

img

Məlum olduğu kimi, 2020-ci ilin 9 fevralında keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar siyasi qurumlar namizədlərinin siyahısını açıqlayır, aktiv şəkildə prosesə qoşulurlar.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dekabrın 10-da seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib. İdarə Heyətinin iclasında, həmçinin, YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.

Müxalifət partiyaları da seçkiyə qoşulmaqla bağlı qərarlarını verirlər. Artıq bir neçə müxalifət partiyası parlament seçkilərində iştirak edəcəyini bəyan edib. O cümlədən, radikal mövqedən çıxış edən Müsavat və REAL partiyaları da parlament seçkilərində iştirak edəcəklərini rəsmən açıqlayıblar. Eyni zamanda, bununla bağlı hazırlıqlara start veriblər.

Ancaq sözügedən siyasi təşkilatlardan fərqli olaraq, Milli Şura növbədənkənar seçkilərlə bağlı qəti qərarını bildirməyib. Qurumdan bu günlər verilən bəyanatda vurğulanıb ki, seçkilərin azad və ədalətli keçirilməsindən ötrü minimum şərtlər yerinə yetirilərsə, onlar da prosesə qatıla bilərlər. Bunlara seçki komissiyalarının yenidən formalaşması, qeydiyyat mərhələsində maneələrin yaradılmaması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və başqa şərtlər daxildir. Hələlik hakimiyyətdən də bu şərtlərə hər hansı müsbət münasibət bildirilməyib. Rəsmilər hesab edirlər ki, hazırkı şəraitdə də azad və ədalətli seçkilər keçirilə bilər.

Burada maraqlı olan məqam ondan ibarətdir ki, Müsavatla REAL seçkiyə getməklə bağlı qərar verdikdən sonra Milli Şura təmsilçilərinin həmin siyasi təşkilatlara, onların liderlərinə yönəlik ittihamları artıb. Xüsusən də Müsavata yönəlik qaralama kampaniyası daha çox özünü göstərir. Partiyanı hakimiyyətə işləməkdə ittiham edirlər. Görünən odur ki, Milli Şura Müsavatın seçkiyə getməsindən çox narahatdır.

Maraqlıdır, Milli Şuranın sözügedən narahatlığının kökündə nə dayanır? Sözügedən qurum niyə bu qədər narahatdır?

  • “Belə vəziyyət isə küncə sıxışdırılmış Əli Kərimlinin, faktiki olaraq, tamamilə proseslərdən kənarlaşdırılmasına gətirib çıxaracaq”

Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli Milli Şuranın məlum narahatlığını bir sıra faktorlarla əlaqələndirdi: “Bu birinci dəfə deyil baş verir. Əvvəllər də belə halların şahidi olmuşuq. 2000-ci illərdə AXCP seçkiyə gedəndə Müsavat Partiyası onları, Müsavat seçkiyə gedəndə isə AXCP onları boykot edib. Yəni bu cür davranış onların “ənənəsinə” xas olan bir xüsusiyyətdir. Dəfələrlə bir yerdə saziş imzalayıblar, sonra ona asanlıqla xəyanət ediblər. Üzərlərinə götürdükləri öhdəliklərdən necə asanlıqla imtina etdiklərini dəfələrlə görmüşük. İndiki şəraitdə Milli Şuranın Müsavatın seçkiyə getməsini belə narahatlıqla qarşılamasının bir neçə səbəbi var. Əvvəla Əli Kərimli sonuncu qanunsuz aksiyadan sonra tamamilə iflasa uğradı. Onsuz da cəmiyyətin gözündən düşmüşdü. Ancaq son aksiyada onun nə qədər cəsarətsiz və qorxaq olması aydın oldu. Ən adi situasiyada bu insan özünün xarakterinin ən zəif cizgilərini ortaya qoydu. Bu amillər, təbii ki, bundan sonra onun seçkilərdə uğur qazanacağını mümkünsüz edir. Belə olduğu halda, Müsavat və digər partiyalar seçkiyə qatılırsa, o zaman bu siyasi təşkilatlar, ilk növbədə, öz təbliğatını aparmaq imkanı əldə edəcəklər. Söhbət qanunvericiliyin verdiyi imkan və resurslardan istifadə etməkdən gedir. Bu, Müsavatın radikal düşərgədə bir pillə önə çıxması üçün zəmin yaradan amildir. Digər tərəfdən, parlamentə düşəcəklərsə, o zaman həm də siyasi partiya kimi öz təşkilatlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Belə vəziyyət isə küncə sıxışdırılmış Əli Kərimlinin, faktiki olaraq, tamamilə proseslərdən kənarlaşdırılmasına gətirib çıxaracaq. Milli Şuranın bu qədər narahat olması məhz bununla bağlıdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər