AŞPA komitəsi Azərbaycanda "sistemli siyasi məhbus oyunlarına" yenidən təhrik edilir...

Azər Həsrət: “Bu cür əsassız iddiaların ortaya atılması müəyyən siyasi məqsədlərdən irəli gəlir”

img

AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsi hesab edir ki, Azərbaycanda guya "sistemli" siyasi məhbus problemi var. Bu səbəbdən sözügedən komitə hakimiyyəti qeydiyyata alınmış hallara yenidən baxmağa çağırır. Bu barədə komitənin Avropa Şurasının saytında yerləşdirilmiş məlumatında deyilir.

AŞPA Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin gəldiyi nəticələr əsasında və AŞPA-nın təqdimatına əsasən bir sıra şəxslərin "siyasi məhbus" olduğunu müəyyən edib. Komitə AŞPA-nın məhkəmə sistemindən siyasi motivlə istifadə kimi "narahatedici nümunə"nin olduğu haqqında rəyi ilə razıdır. Bununla əlaqədar "Azərbaycan Avropa İnsan Haqları Konvensiyası öhdəliklərini yerinə yetirməsi üçün fundamental islahatlar aparmalıdır".

Bununla belə, komitə Azərbaycan hakimiyyətinin son illər penitensiar, məhkəmə, ədliyyə sistemlərində islahatlar yönündə atdığı addımları alqışlayır. Ancaq indiyədək görülən tədbirlərin Avropa İnsan Hüquqları Məhkəməsinin spesifik tələblərini yerinə yetirməkdən ötrü kifayət edəcəyinə inanmır. Komitə, həmçinin, Azərbaycan parlamentini Assambleyanın qətnaməsinin yerinə yetirilməsi üçün siyasi məhbuslar üzrə məruzəçi ilə əməkdaşlıq etməyə, Azərbaycan hökumətini isə Avropa Şurası Nazirlər Komitəsi ilə tam həcmdə əməkdaşlıq etməyə çağırıb.

Göründüyü kimi, AŞPA-nın məlum orqanı yenə də süni olaraq Azərbaycanda guya siyasi məhbus probleminin olduğunu bəyan edir. Bu azmış kimi, yeni “icad” ortaya atıblar - "sistemli" siyasi məhbus problemi. Hansı ki, Azərbaycanda siyasi məhbus məsələsi çoxdan öz həllini tapıb.

O baxımdan, AŞPA-nın sözügedən komitəsinin məlum yanaşması nə deməkdir?

  • “Azərbaycanda siyasi məhbus problemi yoxdur, sadəcə olaraq “siyasi məhbus” kimi təqdim olunan insanlar var”

Məsələyə münasibət bildirən media ekspeti Azər Həsrətin sözlərinə görə, bu cür əsassız iddiaların ortaya atılması müəyyən siyasi məqsədlərdən irəli gəlir: “Məsələ ondadır ki, bəzi mərkəzlər məqsədli şəkildə Azərbaycanla bağlı mənfi rəy yaratmaqla məşğuldurlar. Bunun üçün böyük həcmdə vəsaitlər xərcləyirlər. Xüsusən də Azərbaycandakı radikal müxalifətin də imkanlarından bunun üçün istifadə edilir. Onları bu və ya digər şəkildə şirnikləndirib ölkədə süni formada siyasi məhbus məsələlərini qabardırlar. Ancaq, əslində, Azərbaycanda siyasi məhbus problemi yoxdur. Sadəcə olaraq “siyasi məhbus” kimi təqdim olunan insanlar var. Həmin insanların da hamısı ilə bağlı konkret məhkəmə qərarları var. Sözügedən qərarlarda da göstərilib ki, bunlar hansı cinayətlərə, yaxud da əməllərə görə məhkum ediliblər. Deməyim odur ki, Azərbaycanı davamlı olaraq basqı altında saxlamaq istəyən qüvvələr, mərkəzlər var. Həmin qüvvələr və mərkəzlər bu cür məsələləri həm də AŞPA-nın tribunasına qədər daşıyırlar. Çalışırlar ki, sözügedən məsələ daim o cür nüfuzlu təşkilatın gündəmində olsun. AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin məlum fikirləri də bunun davamıdır. Ancaq Azərbaycan dövlət olaraq öz vətəndaşlarına, xüsusən də fərqli siyasi seçimi olan vətəndaşlarına münasibətdə qanunlar çərçivəsində davranır. Sadəcə, bizi daimi olaraq basqı altında saxlamaq üçün böhtan atırlar. Parlament seçkisi ərəfəsində Azərbaycana təzyiqləri artırmaq istəyirlər”.

Vidadi ORDAHALLI

Son xəbərlər