ATƏT rəhbərliyindən Azərbaycanda islahatlara dəstək...

"Azərbaycanda aparılan islahatlar, gənclərin siyasi arenaya daxil olması böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, Azərbaycan rəhbərliyi reallaşdırdığı islahatlar və dəyişikliklərlə demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir: "Bu, dəyişikliklərin, ilk növbədə, Azərbaycan xalqının maraqlarına cavab verməsinə diqqət çəkir”.
ATƏT təmsilçisinin fikrincə, islahatlar Azərbaycanda seçiləcək yeni parlamentin daha enerjili və daha fəal olacağını deməyə əsas verir.
Görünən odur ki, ATƏT PA rəhbərliyi Azərbaycandakı islahatlara dəstək mesajı verdi. Bu onu göstərir ki, Azərbaycanda aparılan iqtisadi islahatlarla yanaşı, siyasi islahatlar beynəlxalq qurumlar tərəfindən maraqla izlənir. Maraqla izlənilməklə yanaşı, dəstəklənir. O baxımdan ATƏT PA rəsmisinin məlum fikirlərini ekspertlər necə dəyərləndirirlər?
- Elman Nəsirov: “Giorgi Tseretelinin mövqeyi bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq aləmdə böyük rezonans doğurub
Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirovun sözlərinə görə, ATƏT rəhbərliyi tərəfindən Azərbaycanda aparılan islahatlara dəstəyin verilməsi müsbət haldır: “Prezident İlham Əliyev ölkəmizdə islahatları yeni mərhələyə yüksəldib. Bu islahatlar hərtərəflidir, sistemlidir və bütün sahələri əhatə edib. Məqsəd də odur ki, Azərbaycan daha da inkişaf etsin, təkmilləşsin və yeni dövrə uyğunlaşsın. Əsas hədəf budur. O üzdən, ölkədə aparılan islahatlar bütün sahələri əhatə edir. Növbədənkənar parlament seçkilərinin keçirilməsi də eyni məntiqdən qaynaqlanır. Görünən odur ki, Azərbaycanda gedən bu böyük prosesləri beynəlxalq təşkilatlar maraqla izləyirlər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, məlum açıqlama müsbət əhəmiyyət kəsb edir. ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tseretelinin mövqeyi bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq aləmdə böyük rezonans doğurub. Rezonans doğurmaqla yanaşı, müsbət qarşılanmaqdadır. Xüsusilə də Tseretelinin Azərbaycandakı demokratik proseslərlə bağlı səsləndirdiyi xoş fikirlər bir daha onu göstərir ki, Avropa məkanında Azərbaycanda həyata keçirilən dərin islahatlar izlənir və təqdir olunur. Bu da o qənaətə gəlməyə əsas verir ki, beynəlxalq müşahidəçilər qarşıdakı seçkiləri müsbət dəyərləndirəcəklər”.
Vidadi ORDAHALLI