12/07/2020 13:45
728 x 90

Əsas qınaqlar Gültəkin Hacıbəyliyədir – iki nəfərin söhbəti kənara çıxmamalı idi...

Ramil Hüseynov: “Hesab edirəm ki, iki nəfər arasında olan danışığı ictimailəşdirmək siyasi etikaya uyğun deyil”

img

Müsavat Partiyasının gələn il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı qərarı əsasən AXCP-dən ibarət olan Milli Şuranı narahat edir. Hər iki düşərgə sosial şəbəkələri “savaş meydanı”na çevirib.

Bu arada sabiq Müsavat başqanı İsa Qəmbərlə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli arasında “müavin” qalmaqalı yenidən alovlanıb. G.Hacıbəyli özünün "Facebook" səhifəsində İsa Qəmbərə yönəlik bir sıra tənqidi fikirlər səsləndirib: “Hörmətli İsa Qəmbər bildirib ki, gərək mən onunla ikilikdə aramızda olan söhbəti ictimailəşdirməyəydim. Söhbət onun mənə 2013-cü ilin payızında Müsavat Partiyasının beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif etməsindən gedir. İmtina etmişəm və hesab edirəm ki, düz etmişəm, lakin bu təklifdən imtina etməyim nə məni böyütməyib, nə İsa bəyi kiçiltməyib. Siyasətdə belə təkliflər də, imtinalar da çox olur və bu normal haldır”.

G.Hacıbəyli onu da bildirib ki, onu İsa Qəmbərlə olan söhbəti ictimailəşdirməyə müsavatçılar məcbur ediblər: “Hər addımda məni keçmişimlə vuran, mənə qarşı ardıcıl kampaniyalar aparan, on ildir etdiyim fədakarlıqları, verdiyim qurbanları görməzdən gələn və bütün həyatı boyu etdiyim imtinaların bir faizini etməyəcək bəzi partiyadaşlarınız. Və mən məcburiyyət qarşısında, sadəcə, onların yadına salmalı oldum ki, mənim Milli Məclisin deputatı olduğum 2000-2010-cu illər təqvimdə başqan müavini vəzifəsi üçün təklif aldığım, həm də müsavatçıların yekdil səsilə Milli Şuranın komitə sədri seçildiyim 2013-cü ildən əvvəl gəlir...”.

Bütün bunlar azmış kimi, G.Hacıbəyli bəyan edib ki, seçkidə Müsavat 3, REAL 2 mandat alacaq. Daha sonra Hacıbəyli hər iki partiyanı nüfuzsuz və zəif olmaqda ittiham edib. Bildirib ki, Müsavat qurultaydan və mühacir biznesinin ifşa olunmasından sonra faktiki nüfuzsuz təşkilata çevrilib, REAL isə sədr İlqar Məmmədovdan ibarət partiyadır.

Görünən odur ki, G.Hacıbəyli iki nəfərin arasında olan söhbəti ictimailəşdirməklə yanaşı, bu addımına hələ haqq qazandırmağa çalışır. Hansı ki, iki nəfərin arasında olan söhbəti ictimailəşdirmək siyasi etikaya xas olmayan bir addımdır.

Maraqlıdır, bəs ekspertlər G.Hacıbəylinin bu addımını necə dəyərləndirirlər?

  • “Bu, siyasi mədəniyyətdən, etikadan kənar bir davranışdır”

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, iki nəfər arasında olan söhbəti ictimailəşdirmək doğru deyil: “Tərəflər arasında fikir ayrılıqları və bundan irəli gələrək yolların ayrılması baş verə bilər. Zatən, zaman-zaman belə hallar yaşanıb. Bu nəinki bizdə, bütün dünyada belədir. Ancaq bu o demək deyil ki, siyasilər hansısa məqamda 2 nəfərin arasında olan söhbəti ictimailəşdirməlidirlər. Fikrimcə, bu, düzgün yanaşma deyil. Bu baxımdan hesab edirəm ki, iki nəfər arasında olan danışığı ictimailəşdirmək siyasi etikaya uyğun deyil. Bu, siyasi mədəniyyətdən, etikadan kənar bir davranışdır. O üzdən, G.Hacıbəylinin bu addımına haqq qazandırmaq olmaz. Görünən odur ki, Milli Şurada təmsil olunanlar bir sıra müxalifət partiyalarının seçkiyə getməsini həzm edə bilmirlər. Bununla bağlı qaralama kampaniyası aparıb təhqiredici, hədələyici xarakterli fikirlər səsləndirirlər. Bu cür yanaşma isə heç bir məntiqə uyğun deyil”.

Vidadi ORDAHALLI

Son xəbərlər