12/07/2020 14:21
728 x 90

Azərbaycan Prezidenti İordaniya Kralı ilə təkbətək görüşdü... - FOTO / YENİLƏNDİ

img

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə təkbətək görüşü olub.

Görüşdə Prezident İlham Əliyev deyib: “Bu səfər ikitərəfli gündəliyimizdəki vacib məsələlərlə bağlı bir daha müzakirələr aparmaq üçün çox yaxşı imkandır. Bu yaxınlarda biz Soçidə görüşdük və bizim söhbət etmək imkanımız oldu. Mən bir daha Sizi ölkəmizə səfərə dəvət etdim. Şadam ki, çox məşğul olmağınıza baxmayaraq, qısa müddət ərzində bizi ziyarət etdiniz. Azərbaycanda Sizi qəbul etmək həqiqətən böyük şərəfdir. Siz burada bizim əziz qonağımızsınız. Əminəm ki, bu səfər ərzində biz qardaşlıq münasibətlərimizin daha da inkişafına birgə töhfə verəcəyik. Bu münasibətlər müxtəlif sahələri əhatə edir. Biz beynəlxalq arenada səylərimizi əlaqələndirməyə çox şadıq. Beynəlxalq təşkilatlarda bir-birimizi çox vacib məsələlərlə bağlı dəstəkləyirik. Siyasi təmaslar əladır. Mən iqtisadi göstəricilərə baxdım. Düşünürəm ki, biz daha gərgin çalışmalıyıq. Əlbəttə ki, biz bunu edəcəyik və bu gün bu məsələ ilə bağlı geniş müzakirə aparacağıq. Şadam ki, bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olub. Artım 20 faizdən çoxdur. Hesab edirəm ki, biz insanların bir-birini daha tez-tez ziyarət etmələri üçün birbaşa hava əlaqəsinin yaradılması imkanını da müzakirə edə bilərik”.

İordaniya Kralı II Abdullah isə səmimi qəbula görə təşəkkürünü bildirərək deyib: “Bilirəm ki, beynəlxalq arenada Siz çox vacib rol oynayırsınız. Xüsusilə də bu yaxınlarda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı təbriklərimi Sizə çatdırıram.

Dediyiniz kimi, əziz qardaşım, bizim siyasi, kəşfiyyat, hərbi sahələrdə əlaqələrimiz güclüdür. İqtisadiyyat sahəsini inkişaf etdirə bilərik. Əminəm ki, bu gün müvafiq görüşlərimiz olacaq. Lakin buraya gəlmək istədim ki, Sizə regionda və dünyada oynadığınız rolunuza görə təşəkkürümü bildirim. İnanıram ki, inşallah, regionumuzda olan çağırışların öhdəsindən gəlmək üçün daha çox məsələ ilə bağlı müzakirələr apara bilərik. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə xeyirxahlığınıza və dəstəyinizə hər zaman arxalanıram”.

Son xəbərlər