29/01/2020 23:51
728 x 90

Seçki radikal düşərgəni yenə parçaladı - Müsavat seçkiyə getdi, Kərimovçu Milli Şura təkləndi...

Rəfail Becanov: “Sosial şəbəkələrdə öz trolları vasitəsilə həmin partiyalara qarşı şantaj kampaniyasına start veriblər”

img

Müsavat Partiyasının Ali Məclisi dekabrın 7-də gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək haqqında qərar qəbul edib. Partiyanın başqanı Arif Hacılı bildirib ki, uzun müzakirələrdən sonra belə qərar qəbul edilib: "Müzakirələrin nəticəsində indiki ictimai-siyasi şəraitdə seçkilərdə iştirakın Azərbaycan cəmiyyətinin maraqlarına daha uyğun olduğu qənaətinə gəlindi və mütləq əksəriyyətin səs çoxluğu ilə iştirak etmək barədə qərar qəbul olundu”.

Müsavat Partiyasının seçkilərə qatılmaq qərarı müxalifət düşərgəsində situasiyanı bir qədər də mürəkkəbləşdirib. Boykot əhvalında olan Milli Şura ilə qarşılıqlı ittihamlara yenidən start verib. MŞ prosesin tamamilə hakimiyyətin nəzarətində olduğunu, seçkidə iştirakın iqtidarın və onun loyal baxdığı müxalifət qüvvələrinin işini asanlaşdıracağını düşünür. Ona görə əlindəki media resurslarından istifadə etməklə onları cəmiyyətin qınaq hədəfinə gətirməyə, nüfuzdan salmağa çalışır. Hakimiyyət müxalifətin əhəmiyyətli hissəsinin seçkilərə qatılmasında maraqlıdır. Bu günlərdə YAP-ın icra katibi Əli Əhmədov bildirmişdi ki, cəmiyyətin və partiyaların əksəriyyətinin seçki əhval-ruhiyyəsində olduğu bir zamanda tamam fərqli yanaşma və baxış sərgiləyən partiyalar da var: "Anormal olan da məhz budur. Partiya adını daşıyan bəzi qruplar seçkiyə getmək və ya getməmək müzakirələri aparırlar. Söhbət radikallardan gedir”.

Qeyd edək ki, müxalifəti təmsil edən iki tanınmış partiya - REAL və Müsavatın seçkidə iştirakını açıq bəyan etməsi, faktiki olaraq, Əli Kərimlinin nəzarətində olan Milli Şuranı təklənmiş vəziyyətə salıb. Seçkiqabağı situasiyada bu vəziyyətin davamını necə proqnozlaşdırmaq olar?

  • “Əli Kərimli ənənəvi roluna sadiqlik göstərir”

Əli Kərimlinin  nəzarətində olmayan AXCP-nin funksioneri Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Milli Şura bütün siyasi proseslərlə bağlı təklənmiş vəziyyətdədir: “Hətta seçkilər mövzusu gündəmdə olmayanda da bu mövzu belə idi. Onların təyin etdiyi aksiyalar, keçirdikləri digər tədbirlər heç bir müxalif partiya tərəfindən dəstəklənmirdi.  Növbədənkənar parlament seçkiləri elan olunandan sonra da bu proses davamlı xarakter aldı. Verdikləri bəyanatdan sonra məlum oldu ki, seçkidə iştirakla bağlı bir qarantiya əldə etmək istəyirlər. Əslində, onlar bununla bəri başdan parlamentdə təmsil olunub-olunmayacaqları ilə bağlı bir zəmanəti almaq istəyirdilər. Təbii ki, onlara həmin zəmanəti heç kim vermədi. Çünki seçki prosesi ilə bağlı məsələdə belə zəmanəti kimsə əvvəlcədən verə bilməzdi. İnsanlar kimə səs verəcəksə, həmin adamlar da parlamentdə təmsil olunacaq. Bundan sonra ənənəvi taktikalarına əl atıb boykot taktikasını gündəmə gətirdilər. Ölkədə olan tanınmış müxalifət partiyalarının böyük əksəriyyəti seçkidə iştirakla bağlı qərar verib. Bilirsiniz ki, onlar özlərini AXCP elan etsələr də, əsl AXCP-ni biz təmsil edirik və seçkidə iştirakla bağlı qərarımızı vermişik. “Ümid”, REAL, Müsavat kimi partiyalar da seçkidə iştirak edəcəklər. Təbii ki, hakimiyyət seçkilərin daha rəqabətli şəraitdə keçirilməsində maraqlıdır. Bütün siyasi qüvvələrin seçkidə iştirakı ilə bağlı hətta onlar tərəfdən çağırış da edilib. Amma Milli Şura və Əli Kərimli başa düşür ki, onların ciddi sosial baza problemi var. Əksər seçicilər radikal xətti müdafiə etmir, buna görə də seçkiyə gedən müxalif partiyaları hədəfə alıblar. Sosial şəbəkələrdə öz trolları vasitəsilə həmin partiyalara qarşı şantaj kampaniyasına start veriblər. Burada qeyri-adi də nəsə görmürəm. Əli Kərimli ənənəvi roluna sadiqlik göstərir. Ölkədə xaosun olmasını ciddi qüvvələr istəmirlər. Biz təkamül formasında dəyişikliklərin baş tutmasına çalışırıq. Buna görə də təklənmiş vəziyyətdə də qalacaqlar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər