29/01/2020 19:28
728 x 90

Mikayıl Cabbarov erməni nazir müavininə Heydər Əliyev Mərkəzində İrəvanın tarixi ilə bağlı nələri göstərdi...

Məhərrəm Zülfüqarlı: “Məlum konfransda səslənən fikirlərlə bir daha dünyaya sübut etdik ki, Qafqazda, ümumiyyətlə, erməni yaşamayıb”

img

Məlum olduğu kimi, ötən həftə Bakıda keçirilən “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclasında Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistan nümayəndəsinin səsləndirdiyi təxribat xarakterli fikrə çox tutarlı və məntiqli cavab verib.

Nazir Mikayıl Cabbarov iclasın mədəni proqramının təşkilinə görə erməni nümayəndənin reaksiyasını yaxşı anladığını vurğulayıb. O deyib ki, bilirəm, anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz destruktiv deyil, konstruktiv yanaşmadan istifadə etməliyik. Destruktiv yanaşmanın nəticələri özünü, ilk növbədə, qonşu ölkədə göstərir. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihələrdən kənar qalıblar. Burada TRASEKA-nın mövcudluğu nümayiş olundu: “Tədbirin proqramı hazırlanan zaman Çoxtərəfli Sazişi imzalayan insanların xatirəsinə hörmət diqqətdən kənar qala bilməzdi. Faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz öz paytaxtınızda kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm, gəlin yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRASEKA-nın karvanı isə öz yoluna davam edəcək”.

M.Cabbarovun İrəvan xanlığının tarixi ilə bağlı məqama toxunması xüsusilə diqqəti cəlb edir. O mənada ki, İrəvan xanlığı tarixi Azərbaycan ərazisi olub. Ermənilər nəinki Dağlıq Qarabağa, müasir Ermənistan ərazisinə də sonradan gəliblər. Azərbaycanlıları sıxışdıraraq sözügedən ərazilərdə məskunlaşıblar.

  • “Nazir bütün bunları çox etik çərçivədə bəyan etdi”

Məsələyə münasibət bildirən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, M.Cabbarov tutarlı arqumentlərlə Ermənistan rəsmisini susdurdu: “M.Cabbarovun fikirlərini mən özüm də dinlədim. O çox təmkinlə məsələləri sadaladı. Bütün dünya da bilir ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan ərazisi olub. Bütün bunları çox etik çərçivədə bəyan etdi. Çünki erməni rəsmisi düşmən də olsa, tədbirə evsahibliyini Azərbaycan edirdi. Bundan başqa, nazir Ermənistanda faşistlərlə əməkdaşlıq etmiş Njdenin heykəlinin qoyulmasını qarşı tərəfin diqqətinə çatdırdı. Bu, Ermənistan hakimiyyətinin hansı mənsəbə qulluq etdiyini göstərir. Bu artıq onu göstərir ki, Azərbaycan başqa ölkələrdə, beynəlxalq tədbirlərdə öz fikrini dediyi kimi, burada da ermənilərə həqiqəti deyir. Beynəlxalq ictimaiyyət də bundan bir nəticə çıxarmalıdır. Yəni nəinki Dağlıq Qarabağ, hətta indiki Ermənistan ərazisi də Azərbaycan ərazisidir. Bunu tarixi faktlar da, ekspertlər də sübut edirlər. Ona görə də Ermənistan rəhbərliyi artıq kiminsə kölgəsində yatmaqla, kiməsə arxalanmaqla bu separatçı hərəkətləri Dağlıq  Qarabağda davam etdirməməlidir. Azərbaycan dövləti və ordusu ilə hesablaşmalıdır. Məlum konfransda səslənən fikirlərlə bir daha dünyaya sübut etdik ki, Qafqazda, ümumiyyətlə, erməni yaşamayıb. Onlar sonradan gəlib və bizim ərazilərin hesabına dövlət yaradıblar”.

Vidadi ORDAHALLI

Son xəbərlər