30/01/2020 00:35
728 x 90

Paşinyan yeni il şənliyinə 700 min dollar ayırıb, İrəvanda 4500 lift qəzalı vəziyyətdə - əhalidən ağır sosial ittiham…

Akif Nağı: “Ermənistan hakimiyyətini əhalinin sosial vəziyyəti, ölkənin iqtisadi durumu, inkişafı qətiyyən maraqlandırmır”

img

Ermənistanın sosial problemləri sadə vətəndaşlarla yanaşı, millət vəkillərini də narahat edir. Orada istismar müddəti bitmiş liftlərin məcburi işlək vəziyyətə gətirilməsi əhalinin həyatını risqə salır. Ancaq Ermənistan hakimiyyəti liftləri yeniləri dəyişmək əvəzinə, təmtəraqlı yeni iş şənliyi keçirməyə hazırlaşır.

Bu, Ermənistan parlamentinin deputatı Naira Zöhrabyanın narazılığına səbəb olub. O, İrəvanda yeni il şənliyinin təşkili üçün 700 min dollara yaxın vəsait ayrılmasını sərt tənqid edib. Deputat Ermənistanın müstəqillik tarixində heç vaxt yeni il tədbirinə bu qədər vəsaitin xərclənmədiyini bildirib: “Daha əvvəl məlum olub ki, İrəvan meriyası paytaxtda yeni il bayramının təşkilinə 325 milyon dram, yaxud 700 min dollara yaxın pul xərcləyəcək. Bunun 271 milyon dramı Ermənistan hökumətinin, 54 milyon dramı isə paytaxt büdcəsindən ayrılıb. Mən hər hansı bir bayramın ləyaqətlə qeyd edilməsinin tərəfdarıyam. Ancaq 700 min dollar çox böyük məbləğdir”.

O xatırladıb ki, İrəvandakı binalarda, ümumilikdə, 4500 lift var, bunların çox hissəsi istismar müddətini başa vurub. Elə köhnəlmiş liftlər var ki, onları "ölüm liftləri" adlandırırlar. 2019-cu ildə şəhər meriyası cəmi 20 ədəd lift alıb və hər inzibati rayona iki lift düşüb: “Milad ağacına vəsait xərcləməkdənsə, "ölüm liftləri"ni yeniləri ilə əvəz etmək olar. Paytaxtda bu qədər vacib problemlər olduğu halda, 700 min dollara yeni il şənliyinin təşkil edilməsi biabırçılıqdır. Hər gün "ölüm liftinə" minən vətəndaşların 700 min dollar qarşılığında yeni il şənliyi keçirilməsinə sevinəcəyini təsəvvür etmək çətindir”.

Ermənistan hakimiyyəti iddia edir ki, onlarda sosial problem yoxdur. Ancaq məlum olur ki, əhali gündəlik olaraq “ölüm liftləri”ndən istifadə edir.

  • “Ermənistan əhalisini narahat edən məsələlərdən biri də lift probleminin həll olunmamasıdır”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan hakimiyyətini əhalinin sosial vəziyyəti, ölkənin iqtisadi durumu, inkişafı qətiyyən maraqlandırmır: “Onlar ancaq populizmlə məşğuldurlar. Əhalinin ciddi problemləri ilə məşğul olmaqdansa, şou xarakterli tədbirlərə vəsait xərcləyirlər. Bu hal da, istər-istəməz, xalqın haqlı qəzəbinə səbəb olur”.

Təşkilat sədrinin sözlərinə görə, Ermənistan iqtisadiyyatını dirçəltmək üçün həmin ölkənin proqramı və imkanları yoxdur: “Ermənistan əhalisini narahat edən məsələlərdən biri də lift probleminin həll olunmamasıdır. Qeyd olunan problemin həll olunması üçün vəsait lazımdır. Ermənistanın iqtisadi vəziyyəti isə bərbad haldadır. Onlar şou tədbirlər, bayramlar keçirməklə gözə kül üfürməyə çalışırlar”.

Günel CƏLİLOVA

Son xəbərlər