07/08/2020 01:16
728 x 90

ABŞ Senatı erməni lobbisinin saxta genosid qətnaməsinin qəbuluna inadla müqavimət göstərməkdədir...

Əli Orucov: “Bədnam qətnamənin Senatda qəbul olunmasının əngəllənməsi əsasən siyasi səbəblərlə bağlıdır”

img

“Son illər iki ölkə arasında bir sıra məsələlərlə bağlı ciddi fikir ayrrılıqlarına və münasibətlərin gərginləşməsinə baxmayaraq, Vaşinqton Türkiyəni itirmək istəmir”

ABŞ Senatı üçüncü qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsini müzakirə etməkdən imtina edib. Belə ki, Birləşmiş Ştatlar Senatının qaydalarına əsasən, qanunvericilər əvvəlcə layihənin gündəliyə salınması üçün səs verməli, yalnız bundan sonra sənədin müzakirəsinə və səsverməsinə keçməlidirlər. Qətnamə layihəsinin müəllifləri ermənipərəst senatorlar Robert Menendez və Ted Kruzdur. Menendez ABŞ Konqresinin Nümayəndələr Palatasının bu yaxınlarda qondarma “soyqırımla” bağlı qətnamə qəbul etdiyini xatırladaraq, Senatdakı həmkarlarını həmin sənədi gündəliyə daxil etməyə çağırıb. Şimali Dakota ştatını təmsil edən respublikaçı senator Kevin Kramer qətnaməyə qarşı çıxıb. Keçmiş konqresmen, 2018-ci ildən bəri Senatın üzvü olan Kramer hesab edir ki, bu gün qətnamə qəbul etmək üçün əlverişli vaxt deyil: “Mən bu qətnamə ilə razıyam və əminəm ki, digər həmkarlarım da mənim kimi düşünür. Biz onu gündəliyə daxil edə bilərik, amma sual bunu nə vaxt etməli olduğumuzla bağlıdır. Mənə elə gəlir ki, indi bunun vaxtı deyil”. Beləliklə, qətnamə layihəsinin Senatın gündəliyinə salınması Kramer tərəfindən bloklanıb. Diqqəti çəkən məqam odur ki, ABŞ Senatının qaydalarına görə, hər bir senator istənilən məsələnin müzakirəsini bloklaya bilər. Bu baxımdan güman etmək olarmı ki, bundan sonra da Konqresdəki Nümayəndələr Palatasının saxta genosidlə bağlı qəbul etdiyi bədnam qətnamənin rəsmi qanuni qüvvəyə minməsinin qarşısını almaq mümkün olacaq? Yəni hər dəfə senatorlardan biri bunu blok etməklə qətnamə qüvvəyə minməyəcək?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov prinsipcə bunu istisna etmədi: “Əvvəla, ABŞ senatorunun məlum addımı müsbət haldır və bu bizi sevindirir. Məsələ ondadır ki, ABŞ qanunvericiliyinə əsasən, Senatda hər hansı qanun layihəsinin qəbulu üçün 100 senatordan üçdə ikisinin səsi lazımdır. Hər hansı senatorun qanun layihəsinə və ya qətnaməyə veto qoymaq hüququ var. Bu baxımdan senatorların qətnaməni bloklamaq hüququ var. Bu minvalla bədnam qətnamənin ümumi səsverməyə çıxarılmasına imkan verilmir. Bu da, prinsipcə, Türkiyənin maraqlarına uyğundur. Yəni bədnam qətnamənin Senatda qəbul olunmasının əngəlləməsi əsasən siyasi səbəblərlə bağlıdır. Vaşinqton Türkiyə ilə olan bütün körpüləri yandırmaq istəmir. Son illər iki ölkə arasında bir sıra məsələlərlə bağlı ciddi fikir ayrrılıqlarına və münasibətlərin gərginləşməsinə baxmayaraq, Vaşinqton Türkiyəni itirmək istəmir. Bu səbəbdən müxtəlif siyasi alətlər işə salınaraq, Nümayəndələr Palatası tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı” qətnaməsinin rəsmiləşməsi əngəllənir. Nəzərə almaq lazımdır ki, Türkiyə prezidenti Ərdoğanın ötən ay ABŞ səfəri müəyyən mənada uğurlu alındı. Tərəflər bir sıra məsələlərdə ortaq məxrəcə gəldilər. Nəticədə iki ölkə arasında əvvəl mövcud olan gərginlik xeyli azalıb. O baxımdan düşünmürəm ki, ABŞ hakimiyyəti qondarma “soyqırım”ın Senat tərəfindən qəbul olunmasına imkan versin. Nəzərə almaq lazımdır ki, ABŞ dövlət maraqları Vaşinqton üçün daha önəmlidir, nəinki qondarma “soyqırım” layihəsi”.

 Vidadi ORDAHALLI

Son xəbərlər