07/08/2020 01:44
728 x 90

Rusiya televiziyalarından Ermənistana zərbə - Njdenin cinayət əməllərinin görüntüləri yayılır…

img

Ermənilərin qəhrəmana çevirdiyi faşist əlaltısı Qaregin Njdenin böyük bir cinayətkar olduğu artıq bütün dünyaya məlum olmaqdadır. Əli minlərlə dinc insanın qanına batan, türklərə və digər xalqlara qarşı amansız cinayət üsulları işlədən, nasizmin qulu olan Njde ilə bağlı indiyə qədər dünya ictimaiyyətinə məlum olmayan faktlar açılır, Rusiya arxivlərində “məxfidir” qrifi altında saxlanan bir çox sənəd üzə çıxarılır. Artıq Rusiya telekanallarında Njdenin cinayətləri ilə bağlı proqramlar efirə verilir.   

“Krasnodar.sm-nyus” redaksiyası Q.Njdenin məhkəməsinin arxiv sənədlərini və SSRİ dövlət təhlükəsizliyi nazirinin yanında xüsusi müşavirə iclasının gündəliyini yayıb. Məlum olub ki, hələ 1920-1921-ci illərdə Ter-Arutunyan (Njde) Zəngəzurda hərbi qüvvələrin baş komandanı olub, Qızıl Orduya qarşı savaşıb, daha sonra xaricə qaçaraq antisovet təbliğatı aparıb.

Azərbaycan mətbuatında yayılan məlumata görə, İkinci Dünya Müharibəsi zamanı Njde Sovet ordu hissələrinə qarşı dağıdıcı fəaliyyət aparmaq niyyətilə alman kəşfiyyat orqanları ilə əlaqə qurub, alman kəşfiyyat və əks-kəşfiyyat orqanlarının tapşırıqlarını yerinə yetirmək üçün insanların cəlb edilməsi və təlimi ilə məşğul olub, 1942-ci ildə Berlində yaradılmış “erməni milli şurasının” üzvü olub.

“Ter-Arutunyan Ermənistanda əksinqilab hakimiyyətinin üzvü olub və bu hakimiyyətin silahlı qüvvələrinin komandanı olaraq Qızıl Orduya qarşı mübarizəyə rəhbərlik edib. Mühacirətdə olarkən Njde gənc erməni faşist təşkilatına rəhbərlik edib, İkinci Dünya Müharibəsi zamanı isə alman kəşfiyyatı ilə əlaqə yaradıb. Həmçinin, Ter-Arutunyanın müəllifi olduğu millətçilik məzmunlu antisovet ədəbiyyatı də işə əlavə olunub”, - deyə nəşrin məqaləsində qeyd olunub.

Məhkəmənin nəticələrini təsdiq edən ifadə materialları, həmçinin, Vaçe Ovsepyanın müəllifi olduğu “Qaregin Njde və DTK: kəşfiyyatçının xatirələri” toplusunda da saxlanır. Njde, demək olar, bütün ittiham bəndləri üzrə təqsirkar olduğunu etiraf edib və 25 il müddətinə həbs cəzasına məhkum olunub.

  • Adıgözəl Məmmədov: “Hörmətli İlham Əliyevin bu məsələni qəti və sərt şəkildə Rusiya Prezidentinin gözlərinə baxaraq qaldırması artıq Rusiyanın siyasi çevrələrini qəti və ciddi addım atmağa vadar etdi”

Slavyan-Türkdilli Xalqlar Birliyi Hərəkatının lideri, siyasi portretşünas, tanınmış politoloq  Adıgözəl Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, faşist Njdenin əməllərinin Rusiyada yenidən gündəmə gəlməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolu olub. “Əvvəlcə məlumat üçün bildirmək istəyirəm ki, Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya” fraksiyasının rəhbəri, Rusiya Federsiyası Şurasının keçmiş sədri Sergey Mixailoviç Mironovun rəhbərlik etdiyi “Ədalətli Rusiya” Partiyası artıq neçə müddətdir bu məsələni qaldırıb. Njdeyə heykəl qoyulması, onun Ermənistan tərəfindən “qəhrəmanlaşdırılması”, ümumiyyətlə, İkinci Dünya Müharibəsində qələbədə rolu olmuş xalqlar üçün ən böyük həqarətdir. Sizə bildirmək istəyirəm ki, Dövlət Dumasının xəttilə qələbənin 75 illiyi münasibətilə təşkilat komitəsi yaradılıb və Azərbaycan tərəfdən bu təşkilat komitəsinin üzvü mənəm. Burada Azərbaycan xalqının İkinci Dünya Müharibəsində, ümumiyyətlə, faşizm üzərində qələbənin qazanılmasında rolu, qələbənin təmin olunmasında xidmətləri, nailiyyətləri, Azərbaycan oğullarının bu qələbənin qazanılmasında şəhadəti baş verib. Hətta Azərbaycanın siyasi rəhbəri Mir Cəfər Bağırovun oğlu da bu müharibədə şəhid olub. Bunları deməkdə məqsədim budur ki, Rusiya ictimaiyyətində Njde məsələsinə münasibət çox pisdir. “Ədalətli Rusiya” Partiyasının rəhbəri Mironov bu istiqamətdə çox ciddi addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda Njde məsələsini qaldırması çox təqdirəlayiqdir və bu çox yüksək səviyyədə qarşılandı. Cənab Prezidentin qaldırdığı bu məsələ ilə bağlı bizim Dövlət Dumasında tədbir keçirmək planlarımız var və bu istiqamətdə işlər aparılır”.

A.Məmmədov hesab edir ki, onsuz da Njde məsələsinə münasibət əvvəldən də mənfi olub. Onun sözlərinə görə, xüsusilə də Rusiyanın siyasi rəhbərliyində təmsil olunmuş müəyyən insanlar bəlkə də geopolitik maraqlar baxımından Njde məsələsinin üzərinə elə də güclü şəkildə getməyiblər: “Lakin cənab Prezidentin, hörmətli İlham Əliyevin bu məsələni qəti və sərt şəkildə Rusiya Prezidentinin gözlərinə baxaraq qaldırması artıq Rusiyanın siyasi çevrələrini qəti və ciddi addım atmağa vadar etdi. Şühbəsiz ki, bütün bu məsələlər də bundan qaynaqlanır...” - deyə A.Məmmədov qeyd etdi.

  • Vaqif Abışov: “...Njdenin cinayətləri ilə bağlı məhkəmə materialları əsasında televiziyalarda proqramların hazırlanması çox müsbət haldır”

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov da hesab edir ki, faşist Njdenin iç üzünün açılması çox müsbət haldır. “Njdenin faşistlərə xidmət etməsi, ona İrəvanda heykəl qoyulması, cənab Prezidentin Müstəqil Dövlətlər Birliyinin sammitində bu məsələyə toxunması Njde mövzusunun yenidən gündəmə gəlməsinə səbəb oldu. Bilirik ki, faşizmin qulu olan Njdenin cinayətləri barədə məlumatlar yalnız Azərbaycan, bütövlükdə, Qafqaz səviyyəsində deyil, Rusiya və beynəlxalq ictimaiyyət miqyasında yayılmalıdır. Faşizmə qarşı müqavimət göstərən bütün dövlətlərin və xalqların nifrətini qazanan faşist Njdenin cinayətləri ilə bağlı məhkəmə materialları əsasında televiziyalarda proqramların hazırlanması çox müsbət haldır. İndiyə qədər məxfi saxlanan cinayət materiallarının üzə çıxarılması, Rusiya KİV-ində, telekanallarında yayılması Njdenin əməllərinin ifşa edilməsində mühüm əhəmiyyət kəsb edir. Bilirsiniz ki, bu gün ermənilər Rusiya mətbuatında, elmi qurumlarında kütləvi olaraq çalışır və onların burada təsir etmək gücləri böyükdür. Njdenin faşizmə xidmət etməsi, dinc insanlara qarşı cinayət törətməsi faktları ilə bağlı cinayət materiallarının daha geniş səviyyədə yayılması gərəkdir” - deyən V.Abışovun sözlərinə görə, Rusiya ictimaiyyəti ermənilərin arxadan zərbə endirən bir toplum olduğunu bilməlidir.

İradə SARIYEVA 

Son xəbərlər