25/01/2020 21:29
728 x 90

ATƏT həmsədrlərinin Bratislava bəyanatı əvvəlki bəyanatlardan ən azı həcminə görə fərqləndi...

Məhəmməd Əsədullazadə: “Bəyanatın geniş tərkibindən aydın olur ki, Azərbaycanın ciddi və uğurlu mövqeyi belə bir açıqlama verilməsinə gətirib çıxarıb”

img

Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada keçirilən görüşləri ilə bağlı birgə bəyanat yayıblar.

Həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi tərəflərini əlavə humanitar tədbirlər görməyə çağırır. Həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri təmas xəttində və beynəlxalq sərhəddə zorakılığın nisbətən aşağı səviyyəsini müsbət qiymətləndirirlər və Xarici İşlər nazirlərinin iyun ayında Vaşinqtonda keçirdiyi məsləhətləşmələrdə razılığa gəldikləri kimi, tərəflərə münaqişənin kəskinləşmə risqini azaltmaq üçün aralarındakı birbaşa rabitə əlaqələrindən tam istifadə etdiklərinə görə təşəkkür edirlər. Bu cür səylərin münaqişənin sülh yolu ilə nizamlanması üzrə əsaslı danışıqların aparılması üçün şərait yaradılmasında vacib rol oynadığını bildirən nümayəndə heyətlərinin rəhbərləri əlavə konkret humanitar və təhlükəsizlik tədbirləri görməyə çağırıblar.

Həmçinin, həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri tərəfləri humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı daha əvvəl əldə edilmiş razılaşmaları həyata keçirmək üçün təxirəsalınmaz konkret addımlar atmağa çağırıblar.

Bununla belə, həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri münaqişənin ədalətli və davamlı nizamlanmasının xüsusən Helsinki Yekun Aktının güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanmalı olduğunu bir daha qeyd edir və həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri və Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 2009-cu ildə Afinada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında verdikləri və sonra ATƏT Nazirlər Şurası tərəfindən təsdiqlənən birgə bəyanatı xatırladırlar. Qeyd edilir ki, buraya, həmçinin, həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdiyi əlavə elementlər də daxil edilməlidir.

Həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri bir daha vurğulayırlar ki, status-kvo qəbuledilməzdir və münaqişənin hərbi yolla həlli ola bilməz.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatında diqqətçəkən məqam odur ki, bu dəfə həmsədrlərin bəyanatı çox böyük və genişdir. Adətən əvvəllər həmsədrlərin bu yöndə verdiyi bəyanatlar bu qədər geniş olmayıb. Çox vaxt sözügedən bəyanatlar qısa olurdu və formal təsir bağışlayırdı. Ancaq budəfəki bəyanat geniş olmaqla yanaşı, orada bir sıra məqamlara ayrı-ayrılıqda toxunulub. Maraqlıdır, bu nəyin göstəricisidir?

  • “Artıq həmsədrlər regionda destabilizasiyaya xidmət edən Ermənistanın siyasətinin Avropa üçün təhlükəli olduğunu görürlər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “ATƏT-in Minsk Qrupu 25 ildir Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edir. Demək olar ki, bu illər ərzində Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə son qoyulması istiqamətində irəliləyişə nail ola bilməyib. Demək olar ki, bütün həll variantları məhz işğalçı ölkənin qeyri-obyektiv yanaşmasına görə qəbul edilməyib. Hesab edirəm ki, konfliktin həllində, ilk növbədə, Azərbaycanın güclü olması da şərtdir ki, işğalçı ölkə manipulyasiya etməsin, həmsədrlər münaqişənin həllində prinsipial olsunlar. İndiyə qədər verilən açıqlamalara fikir verdikdə qısa və lakonik olurdu, əsasən ikili standartlara yol verilirdi. Hazırda ATƏT Xarici İşlər nazirlərinin 26-cı toplantısında, Bratislavada Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşündən sonra bəyanatın geniş tərkibindən aydın olur ki, Azərbaycanın ciddi və uğurlu mövqeyi belə bir açıqlama verilməsinə gətirib çıxarıb. Artıq həmsədrlər regionda destabilizasiyaya xidmət edən Ermənistanın siyasətinin Avropa üçün təhlükəli olduğunu görürlər. Bundan əlavə, apardıqları missiyanın uğursuz nəticələrindən dolayı bu formatın uğursuz olduğunu artıq anlayırlar. Hesab edirəm ki, bu bəyanat həmsədrlərin növbəti danışıqlarda müəyyən qədər öz fəaliyyətlərində ciddi dönüş yaratmasına gətirə bilər. Hər halda, növbəti ili gözləyək”.

Vidadi ORDAHALLI 

Son xəbərlər