07/08/2020 01:26
728 x 90

“Şamaxıda 10 ay ərzində bütün evlərin yenidən tikilməsi və təmir olunması misli görünməmiş məsələdir” - Aydın Quliyev

img

Azərbaycan Prezidentinin Şamaxıya növbəti səfəri dövlətimizin iqtisadi gücünün nümayişi, rəsmi siyasətin vətəndaş mənafeləri ilə birbaşa bağlı prinsiplərinin və hərtərəfli islahatlar kursuna sadiqiqliyin nümayişi, habelə sosial dövlətçilik siyasətinin doğru və alternativsiz kurs olduğunun təsdiqi baxımından çox əlamətdardır.

Bu barədə “Trend”-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Şamaxı əhalisinin timsalında milyonlarla bölgə sakininin hansı sosial-siyasi düşüncədə olduğunu, hansı rifah səviyyəsində yaşadığını, habelə təbii fəlakət anlarında dövlətimizin və şəxsən Prezidentin onlara hansı həssas münasibəti sərgilədiyinin şahidi olduq: "Prezident İlham Əliyevin müxtəlif yaş, peşə və sosial qrup təmsilçiləri ilə yaxın təmasları və açıq söhbətləri dövlət idarəçiliyində yeni, daha səmərəli üsullar tətbiq edildiyini bir daha göstərdi. Ən maraqlı sosial təzahürlərdən biri bu oldu ki, bölgə sakinləri mövcud vəziyyətləri müzakirə etmək, çıxış yolları axtarmaq və yeni inkişaf dövrünə keçid etməkdə Prezidentin özü ilə müzakirə aparmağın alternativini görmür və axtarmır. Başqa sözlə desək, xalqın xüsusilə sosial problemlərinin həllində aparılan rəsmi siyasətə etimadı o həddədir ki, bölgələrdə də radikal müxalif düşüncə platformalarına heç bir meyl yoxdur.

Bölgə sakinlərinin Azərbaycan dövlətinin və Prezidentin sosial siyasətinə möhkəm inandığını göstərmək baxımından belə səfərlərin böyük əhəmiyyəti var. 10 ay ərzində böyük bir bölgənin təbii fəlakətdən dağılmış durumunu ən müasir görüntü halına gətirmək dövlətin güc göstəricisidir, bölgə əhalisinin rəsmi dövlət siyasətinə inam və etimadının əlamətidir, eyni zamanda, misli görünməmiş məsələdir, insanların həyatının yaxşılaşdırılmasının yerli və mərkəzi hakimiyyət orqanlarının gündəlik işinə çevrilməsinin təzahürüdür.

Prezidentin gənclər siyasətinin əsas prinsipləri barədə verdiyi mesajların bölgələrdə gəncliyin formalaşmasına önəmli təsir gücünə malik olduğu xüsusi qeyd edilməlidir. ASAN xidmətin minlərlə könüllüsü bu gün dövlətin gəncliyə hansı qüvvə kimi baxdığını şəxsən Prezidentin özündən duydu, mənəvi dəyərlərimizin və milli xüsusiyyətlərimizin qorunub saxlanması və nəsillərə ötürülməsində gənclərin əsas məsuliyyət altında olduqlarını bir daha gördü".

Ekspert bildirib ki, Prezidentin gənclərlə maarifçi söhbətinin onlara ən doğru həyat və fəaliyyət stimullarını götürməkdə nə qədər kömək etdiyini sadəcə təsəvvür etmək lazımdır: "Şamaxı görüşləri bölgələrdə yaşlı nəslin, gənclərin, ümumən bütün əhali qruplarının hazırkı rəsmi siyasətə inamla yanaşdığını bir daha ortaya qoydu. Sübut olundu ki, Azərbaycanda Prezidentlə sadə cəmiyyətin arasında pozucu rollar oynamaq planlarına malik heç bir qüvvənin manevr imkanları yoxdur.

İlham Əliyev bölgə əhalisinə növbəti dəfə inandırıcı şəkildə təlqin etdi ki, Azərbaycanda xalqla hakimiyyət vəhdətdə olduğu kimi, yaşlı və gənc nəslin kadr təmsilçiləri də vəhdətdə, bir-birini tamamlayan harmoniya içindədir və bu belə də olmalıdır. Korrupsiyanin kökünün kəsilməsində nəsillərin dəyişməsinin nə qədər önəmli üsul olması və bu işdə də gənclərin həlledici qüvvə olduğu barədə Prezidentin fikirlərinin müstəsna strateji əhəmiyyətə malik olduğu şübhəsizdir. Cəmiyyətimizin Prezidentdən aldığı əsas strateji mesaj bu oldu ki, Azərbaycanın daha böyük uğurlu gələcəyi gənclərin enerjisi, gənc və yaşlı insanların həmrəyliyi və əhalinin rəsmi siyasətə tərəddüdsüz etimadı üzərində qurulub".

Son xəbərlər