28/09/2020 13:08
728 x 90

Lavrovun Bakı səfəri, ardınca Bratislava görüşü… Ermənistanı qorxu bürüdü - “Bakı istəyinə nail olmasa savaşa başlayacaq”

img

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə Bratislavada baş tutan və 3 saat yarımdan çox davam edən görüşü Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının hələ davam etdiriləcəyini göstərir. Belə bəlli olur ki, məsələnin sülh müstəvisində çözümünə ümidlər tam tükənməyib.

Məlumata görə, Bratislava danışıqlarında  tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb. Eyni zamanda, nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər. Burada bir məqamı xüsusi vurğulmaq lazım gəlir ki, nazirlərin görüşü fonunda Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ölkəmizin mövqeyini təqdim edib. Burada Azərbaycanın münaqişənin ATƏT-in Minsk Qrupu formatında siyasi yolla həllinə sadiq qaldığı ifadə olunub. Qeyd edilib ki, münaqişənin həlli üçün hüquqi və siyasi əsaslar BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində, həmçinin ATƏT-in müvafiq sənədlərində və qərarlarında təsbit edilib.

Məlumatda daha sonra bildirilir ki, münaqişənin həlli yalnız Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür. Azərbaycan münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, xüsusən 1994-cü ildə Budapeşt Sammitinin qərarlarına söykənən mərhələli yanaşmaya sadiqdir. İlk addım isə münaqişənin fəsadlarının aradan qaldırılmasıdır. Beləliklə, bu, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, zorla didərgin düşmüş azərbaycanlı əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması və bu ərazilərdəki əmlakların onlara qaytarılması, qarşılıqlı istifadə və bu ərazilərin iqtisadi inkişafı üçün bölgədə bütün kommunikasiyaların açılması ilə nəticələnəcək. Yekunda bildirilib ki, həll prosesinin növbəti mərhələsi Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir. Bu status bölgədəki erməni və azərbaycanlı icmaların dinc yanaşı yaşamasını təmin edəcək və bütün insan hüquqları və əsas azadlıqlarının bərabər əsasda və ayrıseçkilik olmadan tam təmin edilməsinə imkan verəcək. Statusun müəyyənləşdirilməsi dinc şəraitdə, qanuni proses yolu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə olaraq qanuni və demokratik proses çərçivəsində baş tutacaq. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir. Münaqişənin siyasi həlli hərtərəfli iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradacaq.

Ekspertlər hesab edir ki, bu mövqenin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü fonunda yenidən diqqətə çatdırılması bir sıra parametrlər baxımından olduqca mühümdür. Əvvəla, Azərbaycan bununla həm dünya ictimaiyyətinə, həm də Ermənistana Qarabağ məsələsinin həllini hansı rakursdan gördüyünü bir daha xatırlatmış oldu. Əks təqdirdə Azərbaycan nəticəsiz danışıqlar aparmaq niyyətində olmadığını da bununla nümayiş etdirir. Məhz bunlar fonunda nazirlərin danışıqları və onun davam etdirilməsi barədə razılıq Azərbaycanın mövqeyinin nəzərə alındığını deməyə əsas verir. Ən azı o baxımdan ki, bu olmasaydı, Bakı danışıqları da davam etdirməzdi. Bunu Ermənistan parlamentinin sabiq deputatı Armen Aşotyan da etiraf edir:
“Azərbaycan tərəfi yenidən öz ampluasındadır. Mərhələli həll, substantiv danışıqlar mövqeyində israrlıdır.  Bakı danışıqların məhz bu fonda baş tutmasını mümkün sayır. Danışıqların davam etdirilməsi isə Bakının mövqeyinin nəzərə alınması anlamına gəlir. Burada Rusiyanın da mövqeyinin Azərbaycana yaxın olması görünür. Bunu həm də o təsdiqlədi ki, Paşinyanın KTMT ölkələrinin Azərbaycana silah satışını dayandırması ilə bağlı bəyanatına Moskva əhəmiyyət vermədi. Lavrovun Bakıda səsləndirdiyi fikrindən məlum oldu ki, bu əməkdaşlıq davam etdiriləcək, Məmmədyarov isə yeni silahlanma sövdələşmələrinə işarə etdi. Münaqişənin həllinin hazırkı mərhələsində rəsmi Moskvanın birinci skripka rolunu öz üzərinə götürməsi görünəndir. Bu isə danışıqlar prosesinə də təsirsiz ötüşməyərək, indiki halda Azərbaycanın mövqeyini gücləndirir”.

Digər erməni politoloq Suren Sarkisyan da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini ifadə edən sənədin yenidən Bratislavada diqqət mərkəzinə gətirilməsini təsadüfi saymır. O qeyd edib ki, Azərbaycanın təqdim etdiyi prinsiplər Ermənistanın milli maraqlarına tamamilə zidd olsa da, Bakı onun qəbulu istiqamətində fəaliyyətini genişləndirir: “Azərbaycan Qarabağın Azərbaycanın ərazi bütövlüyünün komponenti olması istisna olmaqla hər hansı status vermək ətrafında danışıqlar aparmayacaq. Söhbət təkcə 7 rayondan, həmçinin artıq əsas Qarabağın ərazisindən gedir. Bu məsələdə Azərbaycana verilən dəstəyin artması da faktdır. Bakı istəyinə nail olmasa savaşa başlayacaq. Təsadüfi deyil ki, Azərbaycan tərəfi danışıqlarla yanaşı, həm də açıq şəkildə müharibə əməliyyatları vasitəsilə Qarabağı qaytarmaq haqqında danışır”.

Baş verənləri dəyərləndirən digər ekspertlər də  Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsindən başqa yolun olmadığına əmindirlər. Bu prosesdə indi Qafqazda sabitliyin bərqərar olmasında maraqlı olan ölkələr, o cümlədən Rusiya da istəklidir. Çünki burada proseslərin qeyri-müəyyənliyə yuvarlanması Moskva üçün əlavə problemlər yarada bilər. Kreml isə bunu istəmir. Qeyd edilən fonda Lavrovun Bakıda olarkən səsləndirdiyi fikirlər də təsadüf sayılmır.  Burada o qeyd etmişdi: “Rusiya və Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli məsələsində kompromis tapmaq imkanı var. Kompromisə nail olmaq imkanları mövcuddur. İş asan deyil. Bu münaqişə MDB məkanında ən uzunmüddətlilərdən biridir. Bugünkü və dünənki təmaslar bizə irəli hərəkət etməyə necə səy göstərməyi daha yaxşı başa düşməyə imkan verdi. Ümid edirəm ki, nəticələr olacaq”.

Ermənistan parlamentinin deputatı Arman Babacanyan da bu xüsusda bildirir ki, Rusiyanın yanaşması İrəvan üçün müsbət nəsə vəd etmir: “Lavrovun Bakı və İrəvanda verdiyi bəyanatlar, həmçinin Azərbaycan və Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri nizamlanma prosesində həyata keçirilən hər hansı yerdəyişmələr haqqında sübut verir. Maraqlıdır ki, Rusiya xarici işlər naziri tərəfindən bu cür bəyanatlar xarici işlər nazirlərinin görüşündən bir neçə saat əvvəl səslənir. Lavrovun dekabrın 4-də baş tutan görüş barədə dedikləri məsələnin həlli istiqamətində nələrinsə olduğunu göstərir. Özü də o şəraitdə ki, Azərbaycan arxayınlıqla Qarabağ münaqişəsinin çözümünü  öz ərazi bütövlüyü çərçivəsində gördüyünü açıqlayır. Deməli, burada mövqe itirən tərəf Ermənistandır”.

Yaranmış vəziyyətdə İrəvanın Qərbə olan ümidləri də hansısa nəticə vermir. Xüsusən də Ermənistanın İranla işbirliyi ABŞ-da ciddi narazılıqla qarşılanır. Elə Suren Sarkisyanın da sözlərinə görə, ABŞ ümid edirdi ki, Ermənistanda baş verənlər Ermənistan-ABŞ münasibətlərinə müsbət təsir göstərəcək:“Amma İrəvanın gedişləri üzündən  iki ölkənin münasibətlərində açılan pəncərə artıq qapadılıb. ABŞ-ın prioritetləri sırasında artıq Ermənistan yoxdur. Amma Azərbaycanla bağlı fərqli vəziyyət hökm sürür. ABŞ-ın bu ölkə ilə əməkdaşlığını daha da dərinləşdirdiyini görürük”.

İndi həm Rusiyanın, həm də Qərbin dəstəyindən tədricən məhrum olan Ermənistanın regionda mövqelərinin daha zəif hala gəlməsi qaçılmaz sayılır. Məhz bu da Qarabağ münaqişəsinin həllini tezləşdirə biləcək faktorlardan sayılır. Çünki Ermənistanın bu münaqişənin həllini indiyə qədər uzatması yalnız xaricdən aldığı dəstək sayəsində mümkün olub. Amma artıq bu dəstək tədricən aradan qalxır və belə şəraitdə Azərbaycan üçün Qarabağ münaqişəsinin həlli daha asan hala gəlir.  Bu halda danışıqlar nəticə verməsə, ABŞ və Rusiya kimi ölkələr Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi üçün hərbi əmliyyatlara başlmasına hansısa maneə yaratmayacaq. Suren Sarkisyan da belə vəziyyətdən Azərbaycanın istifadə edə biləcəyindən narahatlıq ifadə edib: “Azərbaycan Qarabağ məsələsini hərb yolu ilə həll edəcəyini gizlətmir. Bunun qarşısını alacaq qüvvə də yoxdur”. Beləliklə, yaranmış vəziyyət Qarabağ məsəəlsində yaxın tezlikdə müəyyən yeniliklərin olacağını istisna etmir. Bratislava danışıqlarından belə bəlli olur ki, Azərbaycan məsələnin dinc müstəvidə tənzimlənməsində maraqlıdır və bunun üçün Ermənistana da müəyyən şans verib. İndi Ermənistan bu şansdan düzgün istfiadə etsə, o da Qarabağ məsələsinin həllindən uduşlu çıxar. Əks halda problemin hərbi həlli Ermənistanın çöküşünü daha dinamik hala gətirəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər