29/01/2020 19:51
728 x 90

Dağlıq Qarabağın Azərbaycanlı İcması Lavrovun bəyanatı ilə bağlı bəyanat yaydı

”Lavrovun bəyanatı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bəyanatlarının ruhuna uyğundur”

img

Rusiya xarici işlər naziri Serqey Lavrovun sözügedən bəyanatında “əhali” sözünün qeyd olunması Dağlıq Qarabağın azərbaycanlı icmasının bu qəbildən olan bəyanatlarının ruhuna uyğundur.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından “Trend”ə verilən məlumata görə, bu barədə icmanın bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Məlum olduğu kimi, Rusiya xarici işlər naziri Serqey Lavrovun Bakıya səfəri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi diqqət mərkəzində olmuşdur. Rusiya xarici işlər naziri xüsusilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birbaşa təmasların bərpa olunmasının əhəmiyyətini qeyd etmiş, bunun çox perspektivli mövzu olduğunu bildirmişdir. S.Lavrov həmçinin Dağlıq Qarabağın bütün əhalisinin istənilən halda gələcəkdə necə yaşayacaqlarını birgə müəyyən edəcəklərinin önəmini vurğulamışdır.

S.Lavrovun sözügedən bəyanatında “əhali” sözünün qeyd olunması Dağlıq Qarabağın azərbaycanlı icmasının bu qəbildən olan bəyanatlarının ruhuna uyğundur. Bizim əvvəlki bəyanatlarımızda dəfələrlə bildirildiyi kimi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsindən sonra, Dağlıq Qarabağ bölgəsində erməni icması ilə sülh şəraitində birgə yaşayışın yenidən bərpa edilməsinin tərəfdarıyıq.

Dağlıq Qarabağın əzəli azərbaycanlı sakinləri öz torpaqlarına qayıtmayınca, bölgənin hər hansı formada inkişafından söhbət gedə bilməz. Bizim ali məqsədimiz öz yurdumuza qayıtmaq, dağıdılmış tarixi, mədəni, dini irsimizi bərpa etmək və Dağlıq Qarabağda yenidən insanların dinc, xoşbəxt şəkildə yaşayışını təmin etməkdir. Yalnız belə olan halda bölgəmizdə ədalətli və daimi sülhün bərqərar edilməsi mümkündür".

Son xəbərlər