27/09/2020 01:44
728 x 90

Lavrovun səfərinin nəticələri Ermənistana daha bir zərbə vurdu – Qarabağ icmalararası danışığı istəməyən tək ermənilərdir...

Arzuxan Əlizadə: “Ermənilər hər vasitə ilə Dağlıq Qarabağın azərbaycanlı icmasını danışıqlara yaxın buraxmaq istəmirlər”

img

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ icmaları arasında əlaqələrin bərpasını alqışlayıb. Bu barədə o, Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlarının yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

“Dağlıq Qarabağ icmaları arasında əlaqələrin tərəfdarıyam”, - deyə Lavrov Azərbaycan və Ermənistandan jurnalistlərin bu yaxınlarda baş tutmuş qarşılıqlı səfərlərini şərh edərkən bildirib.

Lavrovun sözlərinə görə, Rusiya bu təşəbbüsün müəlliflərindən biri idi. Onun fikrincə, istənilən qərar bu torpaqlarda yaşayan insanlar tərəfindən qəbul edilməlidir: “Mən icmalar arasında əlaqələrin, onların bərpa edilməsinin tərəfdarıyam. Onsuz da, nəticə etibarilə, Qarabağ əhalisi necə yaşayacağına qərar verməli olacaq”.

Onu da qeyd edək ki, Azərbaycan da icmalar arasında danışıqların aparılmasının tərəfdarıdır. Bunu dəfələrlə bəyan edib. Bu günlərdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bəyan etdi ki, onlar erməni icması ilə danışıqlara hazırdır. Onun fikrincə, belə bir təklif olarsa, icma qarşı tərəflə dialoq apara bilər: “Jurnalistlərin qarşılıqlı səfərləri danışıqlar prosesi üçün də çox əhəmiyyətli idi. Bu prosesin davam etdirilməsi irəliləyişə səbəb ola bilər. Əgər bu proses çərçivəsində azərbaycanlı və erməni icmalarının da görüşü, qarşılıqlı səfərləri təklif edilərsə, biz bu görüşə, dialoqlara hazırıq və bu təklifi dəstəkləyirik”.

Görünən odur ki, burada Rusiya ilə yanaşı, Azərbaycan da iki icma arasında danışıqların aparılmasının tərəfdarıdır. Bircə Ermənistan bu prosesdən hər vasitə ilə yayınır.

  • “Yaxşı olardı ki, Sergey Lavrov məhz bu məqama diqqəti yönəltsin”

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, icmalar arasında danışıqların yeganə əleyhdarı Ermənistandır: “Ermənistanın hazırkı rəhbərliyi bütün vasitələrlə çalışır ki, separatçı qurum Qarabağ danışıqlarında tərəf kimi iştirak etsin. Bunun yolverilməz olduğu məlumdur. Bu səbəbdən həm Azərbaycan, həm də həmsədrlər Paşinyanın sözügedən təkliflərini qəbul etmirlər. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağdakı erməni icması ilə azərbaycanlı icması arasında danışıqlar mümkündür. Ancaq ermənilər hər vasitə ilə Dağlıq Qarabağın azərbaycanlı icmasını danışıqlara yaxın buraxmaq istəmirlər. Yaxşı olardı ki, Sergey Lavrov məhz bu məqama diqqəti yönəltsin. Ən başlıcası, Rusiya bu yöndə ermənilərə kifayət qədər təsir rıçaqına malikdir. Təəssüflər olsun ki, Kreml bu imkanlardan istifadə etmir. Hansı ki, hazırkı məqamda bu çox vacib məsələdir. Lavrov qeyd etdi ki, Rusiya icmalar arasında danışıqların aparılması təşəbbüsünün müəlliflərindən biridir. Belədirsə, o zaman niyə qarşı tərəfə bu yöndə təsir etmir? Ona görə də Rusiya Xarici İşlər nazirinin bununla bağlı səsləndirdiyi fikirlər o qədər də səmimi deyil. Səmimi olsaydılar, o zaman bunun reallaşması üçün əməlli səy göstərərdilər”.

Vidadi ORDAHALLI

Son xəbərlər