09/12/2019 20:07
728 x 90

“Radikal müxalif qrupların yad ölkələrin təcrübəsinə sığınmaq cəhdləri əslində çarəsizlik və uğursuzluq, bir sözlə təlxəklikdir" - Aydın Quliyev

img

Radikal müxalifətin ən pis xüsusiyyətlərindən biri Azərbaycanda siyasi vəziyyəti və perspektivi ölkənin daxili reallıqlarına əsasən deyil, tam fərqli reallıqlara mailk yad ölkələrin təcrübəsinə söykənərək müəyyən etməyə meyilli olmasıdır.

Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, digər ölkələrdə daxili siyasi vəziyyət gərginləşəndə və hətta hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan radikalları obyektiv əsası olmayan motivlərlə ruhlanır: "Onlar ölkələr arasında real tarixi, milli, mənəvi, sosial-iqtisadi və psixoloji fərqləri qəti nəzərə almadan "bunlar bizdə də baş verməlidir" kimi tərs və nəticəsiz inadkarlıq göstərir, kənar amillərdən təsirlənərək yaranan bütün süni fəallıq dalğaları kimi tez də sönür və cəhdləri nəticəsiz başa çatır. Radikal müxalifətin boş və perspektivsiz yerə həvəslənərək tez də siyasi apatiyaya düşməsini biz 2004-2005-ci illərin Gürcüstan və Ukrayna hadisələrində, 2010-cu ilin Qırğızıstan hadisələrində, 2011-2012-ci illərin "Ərəb baharlarında" gördük. Ötən ildən başlayan Venesuela, indi isə Boliviya prezidentinin istefasına gətirib çıxaran hadisələrdən eyni əsassız nəticələr çıxararaq eyforiyaya qapılırlar. Son 15 ildə radikalların başqa ölkələrin təcrübəsindən bəhrələnmək kimi taktikası ardıcıl və istisnasız olaraq iflasa uğrayıb. Radikalların başqa ölkələrin siyasi təcrübəsindən uğursuz eyforiyaya düşməsinin ən başlıca səbəbi Azərbaycan xalqından dəstək ala bilmədikləri üçün xarici mərkəz və qüvvələr arasında gizli himayədarlar axtarışına çıxmasıdır. Məsələ burasındadır ki, radikal müxalif qrup rəhbərlərinin hazırkı ölkədaxili fəaliyyət taktikası onlarla xalq arasında onsuz da dərin olan uçurumu gündən-günə daha da böyüdür. Radikal dairələrin öz xalqı arasında etimad və kütləvi dəstək qazanmaq perspektivi hazırda tam şəkildə itirilib. Bu onu deməyə əsas verir ki, radikal müxalif qrupların yad ölkələrin təcrübəsinə sığınmaq cəhdləri əslində çarəsizlik və uğursuzluq, bir sözlə təlxəklikdir".

Ekspert bildirib ki, bu prosesdə başqa bir maraqlı nüans da var: "Bu ondan ibarətdir ki, başqa ölkələrin təcrübəsinə meyilli radikallar həmin ölkələrin xalq tərəfindən dəstəklənən müxalifəti ilə özünü heç cür müqayisə edə bilmir və bu, mümkün də deyil. Həmin ölkələrdə müxalifət bir çox hallarda cəmiyyətin mütləq çoxluğu ilə birgə hərəkət edə bildiyi halda, Azərbaycanda xalq radikallara yaxınlaşmaq istəmir. Bundan başqa, radikalların ruhlandıqları ölkələrdə xalqla hakimiyyət arasında ciddi problemlər olduğu halda, Azərbaycanda tam fərqli vəziyyət görürük. Azərbaycan xalqının hakimiyyətə və şəxsən Prezidentə verdiyi dəstək radikalların həm ölkə içindəki taktikalarını, həm də onların başqa ölkə təcrübələrindən nümunə götürmək səylərini iflasa uğradan böyük faktordur.

Azərbaycanda Prezidentin xalqın mənafeyi ilə uzlaşan fasiləsiz sosial dəstək və hərtərəfli islahatlar siyasətinin real nəticələr verdiyini də nəzərə alsaq, belə nəticəyə gəlmək olar - radikalların yad ölkə təcrübələrinə söykənməsi daimi uğursuz yoldan başqa bir deyil və olmayacaq".

Son xəbərlər