20/11/2019 19:18
728 x 90

Azərbaycanın hərbi büdcəni 21 faiz artırması Ermənistan təbliğatına “can verdi” - “Azərbaycan müharibəyə başlayır”...

img

Azərbaycan gələn il üçün müdafiə xərclərini 21% artırıb. Bu, rəsmi məlumatlarda da öz təsdiqini tapıb. Maraqlıdır, Ermənistanla aparılan diplomatik danışıqların uzun zamandır nəticəsiz qaldığı, rəsmi İrəvanın öz işğalçılıq siyasətindən imtina etməyəcəyi ilə bağlı bəyanatlar verdiyi bir zamanda büdcəyə olan bu artım daha çox Ermənistanı əndişəyə salıb.

Onlar iddia edirlər ki, bütün bunlar Azərbaycanın müharibəyə hazırlığı kimi qiymətləndirilə bilər. Aydındır ki, bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu məsələdə ermənilərin atacağı addımlardan da çox şey asılı olacaq. Azərbaycan hökuməti bu yöndə  addımları atır və gələcəkdə də atacaq. Azərbaycanın hərbi büdcəsini artırmasından ermənilərin keçirdiyi narahatlığın kökündə hansı amillər dura bilər?

  • Daşdəmir Əliyev: “Ermənilər bizim hərbi büdcəmizin artımından belə narahatdılarsa, yaxşı olar ki, işğaldan əl çəksinlər”

Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə bildirdi ki, Azərbaycanın hərbi büdcəsini istədiyi kimi artırmağa haqqı çatır: “Çünki biz müharibə şəraitində yaşayırıq. Torpaqları işğal altında olan ölkə bundan başqa nə etməlidir? Bu heç də o anlama gəlmir ki, biz bunu sırf müharibə xatirinə edirik. Biz hər zaman demişik ki, münaqişənin sülh yolu ilə nizama salınmasının tərəfdarıyıq. Ancaq görürük ki, bu səylər səmərə vermir. Ermənistan daim müharibə ritorikası ilə danışır. Azərbaycanı yeni əraziləri zəbt edə biləcəyi ilə təhdid edir. Hətta onların müdafiə naziri bu fikirləri açıq şəkildə etiraf edibsə, biz niyə öz ehtiyatımızı görməməliyik? Torpaqlarımızı istənilən yolla işğaldan azad etmək bizim haqqımızdır. Bunu bizə kimsə qadağan edə bilməz. Ara-sıra bəzi ölkələr və beynəlxalq təşkilatlar da buna irad tuturdu. Yaxşı olardı ki, onlar ABŞ tərəfindən Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə vəsaitinin ayrılması məsələsinə də diqqət ayırsınlar. Bunu demokratik dəyərlər, insan haqları ilə izah edən ABŞ hökuməti eyni "duyarlılığı” Abxaziya, Cənubi Osetiya və Dnestryanı problemində nümayiş etdirmir. Həmin vəsaitlər isə humanitar yardım adı ilə separatçı qurumun silahlanmasına sərf edilir. Ermənilər bizim hərbi büdcəmizin artımından belə narahatdılarsa, yaxşı olar ki, işğaldan əl çəksinlər. Bir faktı da deyim ki, Ermənistanın da hərbi büdcəsində artım müşahidə olunur. Sadəcə, bizim büdcəmizin həcmi böyükdü deyə, rəqəmlər onların gözünə çox girir. Çox normal addımdır. Azərbaycan Ordusunun daha da qüdrətlənməsi üçün onun maddi təminatı yüksək səviyyədə olmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər