Sosial şəbəkələrdə guya ermənilərin Bakıda olduğunu əks etdirən bir video paylaşılıb. Həmin videoda Bakının dənizkənarı bulvarı boyunca bir avtomobil hərəkət edir. Avtomobilin nömrəsi və markası göstərilmir. Videomaterialda olunan söhbətdən belə qənaətə gəlmək olur ki, maşında bir neçə adam var.
Onlar aralarında gah Azərbaycan, gah da erməni dilində söhbət edirlər. Avtomobilin hərəkəti boyunca erməni mahnısı səslənir. Maşında olan adamların sifətləri də göstərilmir, etdikləri söhbətin məzmunundan belə anlaşılır ki, Bakının inkişafına, müasir binalarına heyranlıqlarını gizlədə bilmirlər.
Arzu Nağıyev: “Psixoloji amillərdən istifadə edərək, Azərbaycan xalqına təsir göstərmək istəyirlər ki, guya Bakının təhlükəsizliyi zəifdir”
Çox təəssüflər olsun ki, bəzi sosial şəbəkə istifadəçiləri və saytlar bu mənzərədən yanlış nəticə çıxararaq, guya həmin adamların hansısa erməni diversant qrupu olduğuna dair fikir formalaşdırmağa çalışırlar. Sosial şəbəkələrdə paylaşılan həmin video ilə bağlı peşəkar mövqeyini dinləməyə lüzum gördük. Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son vaxtlar bu kimi videolara sosial şəbəkələrdə çox rast gəlinir: “Əsas sual budur: belə paylaşım edənlərin marağı nədir? Bunlar doğrudan da hansısa bir qruplaşmadırsa, belə paylaşımı etməklə nəyi sübuta yetirmək istəyirlər? Hər bir məsələ səbəb və məqsəddən doğur. Bu səbəbdən də iki faktı araşdırmalıyıq. Nə səbəbdən bunu yayıblar və məqsədləri nədən ibarətdir? Həmin adamların erməni olması da heç nə ilə sübut olunmur. Bir erməni musiqisi qoyub, müəyyən ləhcə ilə danışmaqla onların erməniliyi tam sübuta yetmiş sayıla bilməz axı. Əgər onlar kiminsə qarşısında hesabat vermək istəyirlərsə, elə erməni dilində danışardılar və deyərdilər ki, biz Bakıdayıq. Bu, bir təxribat qrupu da ola bilər. Psixoloji amillərdən istifadə edərək, müəyyən bir təxribata əl atırlar. Hansısa kəşfiyyat qrupu özünü bu qədər açıqlamaz. Çünki müasir texniki vasitələrlə onların hərəkət trayektoriyasını tam müəyyən etmək olar. Bunun da köməkliyi ilə həmin avtomobilin müəyyənləşməsi mümkündür. Bunun da vasitəsilə hətta söhbət edənlərin kimliyi də müəyyənləşər. Bu səbəbdən də hansısa diversiya qrupu belə yanlışlıqlar etməz”.
Arzu Nağıyev bu məsələdə turist faktorunun olmasını da istisna etmədi: “Bilirsiniz ki, Azərbaycana həddən artıq turist axını var. Həmin turistlərin içində milliyyətcə erməni olub, sənədlərində isə başqa millət qeyd olunanlar da var. Biz demokratiya şəraitində yaşayan ölkəyik. Üçüncü bir dövlətin də erməni əsilli vətəndaşı gəlib belə çəkiliş edə bilər. Bunları təhlil etdikdə bu nəticəyə gəlinir ki, kəşfiyyat-pozuculuq fəaliyyəti ilə bağlı hərəkətə bənzəmir. Onlar psixoloji amillərdən istifadə edərək, Azərbaycan xalqına təsir göstərmək istəyirlər ki, guya Bakının təhlükəsizliyi zəifdir. Azərbaycanda əməliyyat şəraitinə tam nəzarət edilir. Sərhəddən başlayaraq, bu amillərə ciddi fikir verilir. Bu, təxribatdan başqa nəsə deyil. Sosial şəbəkələrdə də buna lazımsız reaksiyalar var. Belə problemlər daim ola bilər. Buna görə də hər bir vətəndaşımız dövlət və dövlətçiliyin qorunması üçün əlindən gələni etməlidir”.
Məhəmmədəli QƏRİBLİ