Son vaxtlar biz ölkə başçısının yeni formatda məmurları qəbul etdiyini görürük. Prezident öz iş otağında məmurlar qəbul edir, onlardan hesabat tələb edir və ya vəzifəyə yeni təyin olunanlara öz tapşırıqlarını verir. Həmin görüşlərin bütün məzmunu televiziyalar tərəfindən ictimaiyyətə çatdırılır.
Son günlər diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin Anar Tağıyevi Yevlax Rayon İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul etməsi oldu. Etiraf edək ki, bəzən icra başçılarının sırasında siyasi cəhətdən yetkin olmayan, təsadüfi şəxslərə də rast gəlinir. Prezidentin icra başçılarını şəxsən qəbul etməsi kimi müəyyənləşən formatın belə halların qarşısının alınmasında nə kimi rolu olacaq? Bəllidir ki, bu, eyni zamanda, həmin şəxslərin təqdimatını verən məmurların da məsuliyyətinin artması ilə nəticələnəcək. Çünki elə ilk görüşdə Prezident həmin adamların nəyə qadir olduğunu müəyyən edə bilər.
Bu barədə ekspertlər nə düşünürlər?
Rauf Zeyni: “Burada söhbət kəmiyyət deyil, keyfiyyət dəyişikliyindən gedir”
Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısının təşəbbüsü ilə başlanan islahatlar çox uğurla davam edir: “Bu islahatların belə hərtərəfli aparılması, səmərəli idarəetməyə keçid ölkəmizin gələcəyinə qoyulan ən böyük yatırımdır. Biz fikir veririk ki, atılan addımlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və diqqətlə izlənir. Ola bilsin ki, əvvəllər də ölkə başçısı bəzi icra başçılarını qəbul edib və bütün tapşırıqlarını, xəbərdarlıqlarını onlara verib. Ancaq bu, ictimaiyyətə çatdırılmırdı. İndi isə yeni islahatlar formatında cənab Prezident birbaşa o kadrların qəbul olunub, hansı söhbətin onlarla edildiyinin ictimailəşməsini ortaya qoyur. Əvvəl bu hallar olsa da, ictimaiyyətə təqdim edilmirdi. Belə halın olması, eyni zamanda, xalqın gözünü açır. Onlar icra başçılarından nəyi tələb edəcəklərini gözəl bilirlər. Çünki ölkə başçısının yeni kadrlar qarşısında qoyduğu tələblərdən hamı xəbərdar olur. Mən hesab etmirəm ki, kadrların içərisində təsadüfi adamlar olub. Sadəcə, etimadı doğruldan və ya doğrultmayanlar olub. Artıq yeni dönəm başlayıb. Prezidentin dediyindən də belə başa düşülür ki, daha çevik idarəetməyə keçilir. Onlardan xarici investisiya cəlbi, kabinetdə oturmamaq, kəndləri bir-bir gəzib əhalinin problemləri ilə tanış olmaq tələb edilir. Köhnə icra başçılarının sırasında hətta etimada xəyanət edənlər də olub. Prezident çıxışında bu neqativliklərdən danışdı. Təbii ki, bu format məsuliyyəti daha da artıracaq. İkinci etap isə onların necə işləyəcəyi ilə bağlı olacaq. Onda biz onların fəaliyyətinə qiymət verə bilərik. Burada söhbət kəmiyyət deyil, keyfiyyət dəyişikliyindən gedir. Bu keyfiyyət dəyişikliyinə bizim çox böyük ehtiyacımız var. Vətəndaş cəmiyyəti olaraq biz bu islahatları ikiəlli dəstəkləyirik. Bizim sıralarımızda da kifayət qədər layiqli kadr var. Mən istərdim ki, onların da idarəetmə prosesinə cəlbinə start verilsin”.
Məhəmmədəli QƏRİBLİ