Məlum olduğu kimi, Fransa Kommunist Partiyası Makronu “Artsax”ın “müstəqilliyini” tanımağa çağırıb. Fransada qanuni fəaliyyət göstərən Kommunist Partiyası ölkə rəhbərliyini Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimi “müstəqil dövlət” kimi tanımağa səsləyib.
Qeyd edək ki, üzdəniraq ermənipərəst partiyanın rəhbərliyi Fransa Prezidenti Emmanuel Makronla yanaşı, Avropa İttifaqının ali komissarı Federika Mogeriniyə də eyni məzmunda müraciət ünvanlayıb.
Məlumat üçün bildirək ki, Avropada ən güclü solçu qüvvələrdən biri olan Fransa Kommunist Partiyası 1920-ci ildə yaradılıb. Hazırda partiya Fransada 3-cü ən böyük siyasi qüvvədir. Fransa kommunistləri bu gün 138 min üzvə malikdirlər. Partiyanın parlamentdə 10, Senatda 18 və Avropa Parlamentində 3 kürsüsü var. Partiyanın hazırkı baş katibi Fabyen Russaldır.
“Müxalifətdə olan bir partiyanın suveren dövlətin daxili işlərinə qarışması yolverilməzdir”
Azərbaycan kommunistləri Fransa kommunistlərinin müraciətinə qəzetimiz vasitəsilə cavab verdilər.
Azərbaycan KP MK-nın sədri, KPİ-Sov.İKP Mərkəzi Şurasının üzvü Rauf Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, o, dərc olunmuş materialla tanışdır: “Açığı çox təccübləndim. Azərbaycan Kommunist Partiyası ilə Fransa Kommunist Partiyası arasında uzun illərdir çox sıx mehriban dostluq, işgüzar münasibətlər var. Əgər doğrudan da Fransa kommunistləri Senata belə bir müraciət ediblərsə, bu, tamamilə yanlış, mahiyyətcə məsuliyyətsiz bir mövqedir. Belə bir halın olması Fransa KP-nin beynəlxalq nüfuzuna ciddi zərbədir. Digər tərəfdən, müxalifətdə olan bir partiyanın suveren dövlətin daxili işlərinə qarışması yolverilməzdir və beynəlxalq normativ-hüquqi aktlara tamamilə ziddir. Bu məlumatı biz öz xəttimizlə aydınlaşdırmağa çalışacağıq. Mən inanmıram ki, Fransa KP MK Senata belə bir məsuliyyətsiz müraciət etmiş olsun. Belə bir müraciət doğrudan da Fransa Senatına edilibsə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi nəinki Fransa Kommunist Partiyasına, bütövlükdə, dünyanın digər ölkələrində fəaliyyət göstərən kommunist, fəhlə, sol partiyalarına müraciət edərək, fransız kommunistlərinin bu məsuliyyətsiz mövqelərinə öz kəskin münasibətlərini bildirməyə çağırış edəcək.
Bir məsələyə münasibət bildirmək istəyirəm. Diqqət edin, məlumatı məhz Ermənistanın "Armenpress" mətbuat agentliyi yayıb. Artıq təkcə bizə yox, bütün dünya ictimaiyyətinə erməni xisləti, saxtakarlığı, hiyləgərliyi, təxribatı, daha doğrusu, "erməni xəstəliyi" yaxşı məlumdur. Mən hesab edirəm ki, Fransa kommunistləri adından yayılmış bu müraciət sağalması mümkün olmayan "erməni xəstəliyi”nin simptomlarından biridir”.
Günel CƏLİLOVA